...

Azərbaycanda dilçiliyin inkişafı üzrə hazırlanan təkliflər açıqlanıb

Cəmiyyət Materials 17 İyul 2012 14:59 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ölkədə dilçiliyin inkişafı üzrə hazırlanan təklifləri açıqlayıb.
Azərbaycanda dilçiliyin inkişafı üzrə hazırlanan təkliflər açıqlanıb

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ölkədə dilçiliyin inkişafı üzrə hazırlanan təklifləri açıqlayıb.

Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlov çərşənbə axşamı Trend-ə deyib ki, hazırda ölkə Prezidentinin sərəncamı ilə "Dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın layihəsinin hazırlanması istiqamətində işlər aparılır.

Bu proqrama Dilçilik İnstitutunda struktur dəyişikliklərinin həyata keçirilməsi, təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üçün saatların sayının artırılması, KİV-lərdə dilin işlənməsi ilə bağlı pozuntuların qarşısının alınması, xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərsliklərinin və onların elektron variantlarının hazırlanması, fundamental əsərlərin çap olunması, dünyanın məşhur alimlərinin, dilçilərinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi, Azərbaycan alimlərinin fundamental əsərlərinin xarici dillərdə çapı kimi məsələlərin daxil edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, proqram layihəsində Azərbaycan dilinin işlənməsi, qorunması üçün müəyyən mexanizmin hazırlanması təklif edilir.

Bu mexanizmin hansı formada ola biləcəyinə gəldikdə, Veysəlov deyib ki, bunun üçün xüsusi Məsləhət Şurası yaradıla və ya telekanallarda, radiolarda ayrıca ştat ayrıla bilər.

Onun sözlərinə görə, proqram uzun uzunmüddətli olsa da, onun əhatə edəcəyi müddət hələ konkret müəyyənləşdirilməyib. Proqramdakı tədbirlərin 2020-ci ilədək həyata keçiriləcəyi gözlənilir.

Veysəlov deyib ki, iyulun sonunda proqram layihəsinin ilkin variantı hazır olacaq və müvafiq təşkilatlara göndəriləcək. Layihə təşkilatlar tərəfindən müzakirə edildikdən sonra Nazirlər Kabinetinə, daha sonra isə imzalanması üçün Prezidentə təqdim ediləcək.

Onun sözlərinə görə, proqram hazırlanarkən əhalidə dilçilik sahəsi üzrə narahatlıq doğuran bütün məsələlər nəzərə alınır.

"Proqramın hazırlanması üçün AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsində xüsusi işçi qrup, işçi qrupda isə bölmələr yaradılıb. Bu bölmələr xalqda narahatlıq doğuran bütün məsələlərlə bağlı müzakirələr aparır, təkliflər hazırlayır. Yaxın günlərdə əhalinin orta və aşağı təbəqəsinin nümayəndələri ilə görüş keçiriləcək. Onların da təkliflərini nəzərə alacağıq ki, Dövlət Proqramı çox əhatəli olsun", - Veysəlov qeyd edib.

Xəbər lenti

Xəbər lenti