Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir İ.İsabalayeva/
Türkdilli ölkələr nüvə elminin inkişaf perspektivlərini birgə müzakirə edəcəklər.
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Trend-ə bildirib ki, bununla bağlı oktyabrın 25-28-də Özbəkistanın Səmərqənd şəhərində "Nüvə elmləri və onun praktik aspektləri" mövzusunda konfrans keçiriləcək. İki ildən bir keçirilən bu konfransda Azərbaycanı Qəribovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Konfransın əsas məqsədi dünyaya türkdilli ölkələrdə nüvə elminin tərəqqi və onun yalnız dinc məqsədlər üçün inkişaf etdiyini göstərməkdir.
Qəribov deyib ki, bu ilin sonu - gələn ilin əvvəlində Bakıda MDB-nin Atom Enerjisi üzrə Dövlətlərarası Komissiyasının 14-cü iclasının keçiriləcəyi gözlənilir. Komissiyanın 13-cü iclası bu ilin mayında Qazaxıstanın Astana şəhərində keçirilib. Həmin iclasda Qazaxıstan nümayəndəsi Rusiya ilə birlikdə gələcək üçün cox böyük enerji mənbəyi olan yeni texnologiya, yəni termonüvə (tokamakt) qurğusunun Qazaxıstan variantının hazırlanması haqqında hesabat verib.
İnstitut direktorunun sözlərinə görə, komissiyanın 14-cü iclasında Qazaxıstanın bu layihəsinə MDB məkanında yardım edilməsi məsələsi gündəmə gətiriləcək.
Qəribov bildirib ki, Azərbaycan bu layihəyə yalnız elmi-tədqiqat işlərinin aparılması baxımından qoşula bilər.