Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ikinci maliyyə yardımı müsabiqəsi nəticələrinin müzakirəsini yekunlaşdırıb.
Şuradan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 2 iyul 2012-ci ildə elan edilmiş maliyyə yardımı müsabiqəsinə ümumilikdə 157 QHT-dən layihə təklifi daxil olub. Onlardan 32-nin texniki sənədləşməsi Şuranın tələblərinə cavab vermədiyi üçün ilkin seleksiya mərhələsində müsabiqədən kənarlaşdırılıb, 125 layihə təklifi ekspertizaya göndərilib.
Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 56 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib.
Müsabiqə qaliblərinin siyahısı ilə Şuranın www.qhtxeber.az saytında tanış olmaq mümkündür.
Müsabiqə qalibləri 01 oktyabr 2012-ci ildən gec olmayaraq Şura Katibliyi ilə müqavilə imzalamalıdırlar. Apelyasiya ərizələri Şuranın Katibliyində 17 sentyabr 2012-ci il, saat 15:00-dək qəbul edilir.
Bu gün keçirilən iclasda Şuranın fəaliyyətinin bir sıra başqa sahələri ilə bağlı müzakirə edilən məsələlərə aid qərarlar qəbul edilib. Cari məsələlər sırasında QHT həyatının müxtəlif məsələləri müzakirə edilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.