...

Roland Kobia: Avropa İttifqı Azərbaycan ilə mədəni əlaqələrə böyük önəm verir

Cəmiyyət Materials 3 Oktyabr 2012 19:02 (UTC +04:00)
Bu gün Bakıda Avropa Film Festivalının açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
Roland Kobia: Avropa İttifqı Azərbaycan ilə mədəni əlaqələrə böyük önəm verir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Avropa Film Festivalının açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, oktyabrın 4-10-da keçiriləcək 3-cü film festivalını Avropa İttifaqının Azərbaycandakı (Aİ) nümayəndəliyi və quruma üzv dövlətlərin səfirlikləri "Park Cinema" ilə birgə təşkil edir.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobianın sözlərinə görə, festival çərçivəsində Azərbaycan ictimaiyyətinə müasir Avropa filmləri və onların rejissorları təqdim olunacaq.

O qeyd edib ki, Aİ Azərbaycan ilə mədəni əlaqələrə böyük önəm verir və ona görə də bu festivalı Azərbaycanda keçirir. "Bu bizim Azərbaycanla geniş əlaqələrimizin olduğunu göstərir və insanlar arasında bu sahədə münasibətlərin sıxlaşmasına təkan verir", - Kobia deyib.

Avropa Film Festivalının proqramına Azərbaycanda təmsil olunmuş Avropa İttifaqına daxil olan 14 dövlətdən və Azərbaycandan 15 filmin nümayişi daxildir.

Festivalda Azərbaycan kinolarından rejissoru Ülviyə Könül olan "Vəkil haradadır?" filmi nümayiş etdiriləcək.

Musiqili komediyadan (İsveçdən "Səsin sədası"), emosional dram (İtaliyadan "Yenə öp məni") və psixoloji trillerdən (Böyük Britaniyadan "Kevin haqqında danışmalıyıq") tutmuş detektiv ssenarili filmədək (Belçikadan "Alsheymer sindromu") geniş çeşidli janrlarda filmlər təqdim olunacaq.

Qeyd edək ki, festivalın açılışında Litva kinorejissoru Alqimantas Puipanın "Uyuyan kəpənəklər qalası" nümayiş olunacaq.

Azərbaycan ictimaiyyətinin geniş iştirakını təmin etmək üçün hər film 2 sessiya ilə nümayiş etdiriləcək və bütün filmlərə giriş pulsuz olacaq.

Biletləri 25 sentyabr tarixindən Neftçilər prospektində yerləşən "Park Bulvar"dakı "Park Cinema"dan əldə etmək olar.

Avropa Film Festivalı Aİ-nın Azərbaycandakı nümayəndəliyi tərəfindən hər il Azərbaycanda təşkil olunur. Məqsəd Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri inkişaf etdirmək, beləliklə, Avropa dəyərləri haqqında anlayışı daha da artırmaqdır.

Xəbər lenti

Xəbər lenti