"Azərikimya" İB-nin bir qrup əməkdaşı Birliyin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə 6 ay bundan öncə Buxar-generator kompleksindən həqiqi hərbi xidmətə çağrılmış gənc mütəxəssis Fizuli Məlikovun xidmət etdiyi hərbi hissədə olmuşdur.
Qeyd edək ki, 2006-cı ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olan Fizuli Məlikov təhsildə qazandığı uğurlara görə ARDNŞ-in diqqətini cəlb etmiş və Şirkətin ilk tələbə təqaüdçüləri sırasına daxil edilmişdir.
ADNA-da bir il təhsil aldıqdan sonra Dövlət Neft Şirkətinin xətti ilə Almaniyanın Axen Tətbiqi Elmlər Universitetinə göndərilən Fizuli Məlikov burada 4 il təhsil aldıqdan sonra mühəndis energetik ixtisasına yiyələnmiş və Şirkət rəhbərliyinin göndərişi ilə "Azərikimya" IB-nin Buxar-generator kompleksində mühəndis-energetik vəzifəsinə təyin edilmişdir. Əmək fəaliyyətinə başladığı ilk günlərdən Almaniyanın nüfuzlu təhsil ocağında qazan¬dığı elmi bilikləri həvəslə istehsalata tətbiq etməyə çalışan gənc energetik qısa müddət ərzində çalışdığı kollektivin rəğbətini qazanmışdır.
"N" saylı hərbi hissənin komandiri ilə söhbət əsnasında öyrəndik ki, Fizuli Məlikov burada da özünü içdiyi anda sadiq bir əsgər kimi göstərmiş, ona verilən bütün tapşırıqları layiqincə yerinə yetirmişdir.
Əsgər Fizuli Məlikov və onun digər əsgər yoldaşları ilə aparılan söhbətdən məlum oldu ki, bu gün Azərbaycan əsgərinin hərbi hazırlığı, döyüş əzmi çox yüksək səviyyədədir və ordumuz Ali Baş Komandanın istənilən əmrini istənilən anda yerinə yetirməyə qadirdir.
Sonda əsgər Fizuli Məlikov və onun silahdaşlarına "Azərikimya" İB-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən göndərilmiş xüsusi hədiyyələr təqdim olunmuşdur.