Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu Azərbaycan dilində "Əqaidi-övliyayi-səb'ə" əsərinin surətini əldə edib.
Trend çərşənbə axşamı AMEA-nın saytına istinadən verdiyi məlumata görə, Əlyazmalar İnstitutu Məşhədin Astani-Qüdsi-Rəzəvi kitabxanasında saxlanan Səfəvilər sülaləsinin tarixinə aid Azərbaycan dilində "Əqaidi-övliyayi-səb'ə" əsərinin surətini tapıb.
Əsərin müəllifi Sultan Mahmud bin Sultan Bürhanəddin Gilanidir. Gözəl nəstəliq xətti ilə köçürülən, 91 səhifədən ibarət, dilinin sadəliyi ilə diqqəti cəlb edən bu əsər Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin Ərdəbilinin, onun ustadlarının və davamçılarının həyat və fəaliyyətini əhatə edir.