...

Azərbaycandakı klinikalar xarici mütəxəssislərin sənədlərini Səhiyyə Nazirliyinə elektron yolla təqdim edə biləcəklər

Cəmiyyət Materials 6 Noyabr 2012 17:43 (UTC +04:00)
Yeni elektron xidmət vasitəsilə Azərbaycanda fəaliyyət göstərən klinikalar dəvət etdikləri xarici mütəxəssislərdən müvafiq sənədləri onlar ölkəyə gəlməzdən əvvəl tələb edərək elektron yolla Səhiyyə Nazirliyinə təqdim edə biləcəklər.
Azərbaycandakı klinikalar xarici mütəxəssislərin sənədlərini Səhiyyə Nazirliyinə elektron yolla təqdim edə biləcəklər

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Yeni elektron xidmət vasitəsilə Azərbaycanda fəaliyyət göstərən klinikalar dəvət etdikləri xarici mütəxəssislərdən müvafiq sənədləri onlar ölkəyə gəlməzdən əvvəl tələb edərək elektron yolla Səhiyyə Nazirliyinə təqdim edə biləcəklər. Trend-in məlumatına görə, bunu Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev xarici ölkə vətəndaşlarının Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmalarının ümumi qaydalarına həsr olunmuş geniş toplantıda bildirib.

Nazir müavininin sözlərinə görə, rəsmi qaydalara əsasən, ölkəmizə qonaq qismində və ya hər hansı konfransda iştirak məqsədi ilə gələn əcnəbi tibb mütəxəssisləri istisna olmaqla, haqqı ödənilən tibbi əmək fəaliyyəti ilə məşğul olacaq hər bir tibb işçisi Səhiyyə Nazirliyinin müvafiq şəhadətnaməsini almalıdır. O bu şəhadətnamənin əsasında Dövlət Miqrasiya Xidmətindən əmək vizası almalı, daha sonra əmək müqaviləsi imzalamalıdır.

Ağayev deyib ki, bu prosedurları yüngülləşdirilmək məqsədilə elektron xidmət yaradılıb. Bu xidmət Nazirlər Kabineti tərəfindən yaradılmış ümumi elektron xidmətlərin siyahısına daxil edilib. Sözügedən elektron xidmət xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması məqsədilə yaradılıb.

Tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin idarə olunması Baş İdarəsinin rəisi İsmayıl Abdullayev deyib ki, Avropa ölkələrində yaşanan iqtisadi böhran Azərbaycana işçi kütləsinin axınına səbəb olur. Azərbaycanda əmək miqrasiyasının qanunvericiliklə tənzimləndiyini bildirən Abdullayev əlavə edib ki, hər bir şəxs ölkədə əməkhaqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmazdan öncə xüsusi razılıq almalı, təsdiq olunmuş prosedurlardan keçməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti