Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda dövlət büdcəsindən bir tələbənin təhsil alması üçün ayrılan vəsaitin artırılacağı gözlənilir. Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
Hazırda bu məsələlərə baxıldığını söyləyən Hacıyevin sözlərinə görə, problemli məsələlərdən biri ölkədə bir tələbənin təhsil alması üçün müəyyən olunan pulun məbləğinin azlığıdır.
Komitə sədri deyib ki, dövlətin bir magistrin hazırlanması üçün ayırdığı vəsait yetərli deyil. Hazırda bir magistin hazırlanması üçün dövlət ildə 700 manata qədər vəsait ayrır. Amma bu vəsaitin ən azı, 1500-2000 manat olması lazımdır.
O, bakalavrların təhsili üçün bir il ərzində ayrılan 2743 manatı da bir qədər az hesab edib.
Komitə sədri hesab edib ki, ümumilikdə gələn ilin dövlət büdcəsindən elm və təhsil sahəsi üçün ayrılacaq vəsait lazımı qədərdir.
Onun sözlərinə görə, gələn ilki büdcə layihəsində ali təhsilə ayrılmış vəsait də mütləq mənada azalmayıb.
"Sadəcə olaraq, indiyədək dövlət ali təhsil müəssisələrinin bütün xərcləri dövlət tərəfindən ödənilirdi. İndi isə dövlət sifariş verir. Yalnız sifariş verdiyi tələbələrin ardınca vəsait məktəbə gedir",- Haсıyev əlavə edib.