...

Azərbaycanda sonsuzluqdan əziyyət çəkənlər dövlət tərəfindən müalicə olunacaq

Cəmiyyət Materials 21 Noyabr 2012 16:48 (UTC +04:00)
Azərbaycanda sonsuzluqdan əziyyət çəkən və xüsusi sosial müdafiəyə ehtiyacı olan ailələrə ekstrakorporal (süni) mayalanma və embrionun köçürülməsi dövlət tibb müəssisələrində bir dəfə dövlət büdcəsi vəsaiti hesabına ödənişsiz həyata keçiriləcək.
Azərbaycanda sonsuzluqdan əziyyət çəkənlər dövlət tərəfindən müalicə olunacaq

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda sonsuzluqdan əziyyət çəkən və xüsusi sosial müdafiəyə ehtiyacı olan ailələrə ekstrakorporal (süni) mayalanma və embrionun köçürülməsi dövlət tibb müəssisələrində bir dəfə dövlət büdcəsi vəsaiti hesabına ödənişsiz həyata keçiriləcək.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı çərşənbə günü Trend-ə bildirib ki, bununla bağlı məsələ "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində öz əksini tapıb.

Onun sözlərinə görə, qanun layihəsində qeyd olunub ki, bu əməliyyatların pulsuz təşkili 10 ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən insanlar üçün nəzərdə tutulub.

Millət vəkili Qənirə Paşaveya isə qanun layihəsindən "ehtiyacı olan ailələrə" sözünün çıxarılmasını təklif edib.

"Əgər bir ailə 10 il bu əməliyyatı həyata keçirməyə imkan tapmırsa, həmin ailənin əlavə olaraq "ehtiyacı olan" meyarına aid olub-olmadığını yoxlamağa ehtiyac yoxdur", - o deyib.

Paşayeva həmçinin qeyd edib ki, 10 il uşağın olmaması bir çox hallarda ailələrin dağılmasına gətirib çıxara bilər və bu səbəbdən qanunda bu məsələnin əks olunması olduqca vacibdir.

Dekabr ayının sonlarında Milli Məclisin plenar sessiyasına tövsiyə olunması gözlənilən "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində qeyd olunur ki, yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ var.

Həmin maddədə bildirilir ki, ekstrakorporal (süni) mayalanma və embrionun köçürülməsi müvafiq dövlət tibb müəssisələrində, eləcə də tibb fəaliyyətinə görə xüsusi razılıq (lisenziya) almış və reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə tibbi xidmətləri göstərmək hüququ olan özəl və bələdiyyə tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən həyata keçirilir.

Eyni zamanda, qanun kommersiya, hərbi və sənaye məqsədilə insan embrionundan istifadəni qadağan edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti