...

Qafqazda biznes inzibatçılığı və korporativ sosial məsuliyyətlə bağlı ilk beynəlxalq konfrans Bakıda keçirilib

Cəmiyyət Materials 23 Noyabr 2012 13:42 (UTC +04:00)
Bakıda "Biznes İnzibatçılığı və Korporativ Sosial Məsuliyyət" adlı I beynəlxalq elmi konfrans keçirilib.
Qafqazda biznes inzibatçılığı və korporativ sosial məsuliyyətlə bağlı ilk beynəlxalq konfrans Bakıda keçirilib

Azərbaycan, Bakı, 23 noyabr /Trend müxbir M.Əliyev/

Bakıda "Biznes İnzibatçılığı və Korporativ Sosial Məsuliyyət" adlı I beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes inzibatçılığı fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransın açılışında Universitetin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, belə tədbir Azərbaycanda, eləcə də Qafqazda ilk dəfədir keçirilir.

Onun sözlərinə görə, konfransın məqsədi dünyada biznes inzibatçılığı və korporativ sosial məsuliyyət sahəsində tədqiqat aparan alim və mütəxəssisləri, həmçinin iqtisadçı ekspertləri bir araya gətirərək bu sahələrdəki yenilikləri müzakirə edib, təkmilləşdirmək üçün metodoloji dəstəyin təmin edilməsi və bu mövzuda müasir problemlərin həlli yolları istiqamətində tövsiyələr verilməsidir.

"Bu missiyanı öz fəaliyyətinin prioritet istiqaməti olaraq seçən ADİU bundan sonra da biznes inzibatçılığı və korporativ sosial məsuliyyət sahəsində beynəlxalq konfransın davamlı təşkilinə qərar verib", - Hacıyev deyib.

Rektor bildirib ki, Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın 10 ən yaxşı inkişaf edən ölkəsindən biridir. Ölkəmizin makroiqtisadi göstəriciləri də yüksək səviyyədədir. Hacıyev qeyd edib ki, hazırda Azərbaycana biznesin idarə olunması istiqamətində yeni texnologiyalar gətirilir və bu sahədə "beyin mərkəzləri" formalaşır.

Noyabrın 25-dək davam edəcək konfransda 30-a yaxın ölkədən 150 elm xadimi-professorlar, təqdiqatçılar, müəllimlər, o cümlədən universitet rektorları iştirak edirlər. Tədbirdə elmi məruzələr dinləniləcək, müzakirələr keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti