...

QDİƏT qeyri-hökumət təşkilatları forumunun Nizamnaməsi qəbul olunub

Cəmiyyət Materials 27 Noyabr 2012 17:15 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə noyabrın 27-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun açılış mərasimi keçirilib.
QDİƏT qeyri-hökumət təşkilatları forumunun Nizamnaməsi qəbul olunub

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə noyabrın 27-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, forumun keçirilməsində məqsəd quruma üzv ölkələrin QHT-ləri arasında əməkdaşlıq əlaqələrinin koordinasiya edilməsi, regionda reallaşdırılan layihələrə ictimai dəstək verilməsi, qarşılıqlı əməkdaşlığa, münaqişələrin aradan qaldırılması təcrübəsinə vətəndaş cəmiyyəti institutlarının potensialının sərf edilməsidir.

Forumu giriş sözü ilə açan QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev forumun Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb.

Quliyev Azərbaycanda kifayət qədər təcrübəyə malik QHT-lərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Şura sədri forumda katibliyin yaradılacağını, forumun nizamnaməsinin və Bakı bəyannaməsinin qəbul olunacağını qeyd edib.

Forumda Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun iştirakçılarına müraciətini oxuyub.

Mərasimdə çıxış edən Mili Məclis sədrinin müavini Bahar Muradova forumun Bakıda keçirilməsini yüksək qiymətləndirib, Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Şurasının gördüyü işlərin, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb. Muradova bildirib ki, Şura tərəfindən bu layihə və tədbirlər dövlətin dəstəyi nəticəsində həyata keçirilir.

Azərbaycanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 40-cı plenar sessiyasının keçirildiyini də diqqətə çatdıran Milli Məclis sədrinin müavini belə beynəlxalq tədbirlərin keçirilməsində ictimai dəstəyin vacibliyini diqqətə çatdırıb.

Muradava forumda çox vacib məsələlərin müzakirə ediləcəyindən ümidvar olduğunu bildirib.

QDİƏT Parlament Məclisinin Türkiyə qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvi İsmayıl Safi Bakıda keçirilən birinci forumun əhəmiyyətini yüksək qiymətləndirib.

Sonra forumun Nizamnaməsi qəbul olunub.

Forumda Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Rusiya, Rumıniya, Türkiyə, Ukrayna və başqa ölkələrin nüfuzlu QHT-lərinin rəhbərləri, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusların nümayəndələri, həmçinin, Azərbaycanın dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti