Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu və İtaliyanın Bikokka Milan Universiteti Azərbaycanda palçıq vulkanları ilə zəlzələlərin əlaqələrini öyrənir.
İnstitutdan bazar ertəsi Trend-ə verilən məlumata görə, bu niyyətlə institutun Geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi, dosent Qulam Babayev oktyabrın 12-də İtaliyaya səfər edib və iki ay müddətində müştərək tədqiqatlar aparılıb.
Dekabrın 12-də başa çatacaq işlər "Abşeron yarımadasında palçıq vulkanizmi və seysmikliyin əlaqəsinin qiymətləndirilməsi məqsədilə yeni üsulların işlənilməsi" mövzusu altında Kariplo Fondunun dəstəyi ilə həyata keçirilir. Məqsəd Abşerondakı palçıq vulkanlarının dinamik və statik gərginliyinə səbəb olan şəraitin 2000-ci il noyabrın 25-də Xəzər dənizində baş vermiş güclü zəlzələdən qabaq və sonrakı inkişafını müasir üsul və yanaşmalarla öyrənmək, sonra isə qiymətləndirməkdir.