...

Bakı Ali Neft Məktəbi ilə “Statoil-Azərbaycan” şirkəti arasında “Əməkdaşlıq Protokolu” imzalanıb (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2012 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Dekabrın 14-də Bakı Ali Neft Məktəbində (BANM) rektoru Elmar Qasımov və "Statoil-Azərbaycan" şirkətinin prezidenti Lars Troen Sorensen birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi ilə BANM və "Statoil-Azərbaycan" şirkəti arasında "Əməkdaşlıq Protokolu" imzalamışlar.

BANM-dan Trend-ə verilən məlumata görə, imzalanma mərasimində Norveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erling Şonsberqin və digər qonaqlar iştirak etmişlər. Əməkdaşlıq protokolunda "Statoil-Azərbaycan" şirkətinin dəstəyi ilə Bakı Ali Neft Məktəbi ilə Norveçin elm və təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, BANM əməkdaşlarının Norveç Krallığına, Norveçin ali təhsil müəssisələrinin mütəxəssislərinin Bakı Ali Neft Məktəbinə səfərlərinin təşkil edilməsi,"Statoil-Azərbaycan" şirkətinin yüksək təcrübəyə malik əməkdaşlarının BANM-in tələbələri qarşısında mühazirələr oxuması, müxtəlif istiqamətlərdə treyninqlər keçirilməsi, BANM-in kadr potensialının inkişaf etdirilməsi məqsədi ilə Norveçin müxtəlif universitetlərində doktorantura təhsilinin təşkil olunması, BANM tələbələrinin "Statoil" şirkətinin Azərbaycanda və xaricdə fəaliyyət göstərən müəssisələrində təcrübə keçmələri üçün şəraitin yaradılması, BANM tələbələrinin və mütəxəssislərinin "Statoil-Azərbaycan" şirkətinin korporativ tədbirlərində iştirakının təmin edilməsi, internet vasitəsilə bilik və texnologiyaların BANM-ə transfer edilməsi imkanlarının yaradılması və BANM-də yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məsələlərinə dəstək verilməsi öz əksini tapmışdır.

Tədbirdə iştirak edən Norveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erling Şonsberqin qeyd etmişdir ki, dinamik inkişaf edən Azərbaycanda dünya standartlarına cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması və qısa vaxt ərzində yüksək nailiyyətlər əldə etməsi təqdirəlayiq haldır. O, bildirmişdir ki, "Statoil-Azərbaycan" şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında imzalanan bu protokol Norveç Krallığı ilə Azərbaycan Respublikası arasında günü-gündən inkişaf edən münasibətlərin göstəricisidir və səfirlik olaraq bu münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün hər cür dəstəyə hazırdır.

"Statoil-Azərbaycan" şirkətinin prezidenti Lars Troen Sorensen çıxış edərək bildirmişdir ki, "Statoil-Azərbaycan" şirkəti Azərbaycan Respublikasındakı fəaliyyətinin 20 illiyi münasibəti ilə bir sıra təbrilər həyata keçirmişdir. Bu tədbirlər Azərbaycanın bir sıra universitetləri ilə əməkdaşlıq əsasında azərbaycanlı tələbələrin təhsilinə həsr olunmuşdur. O "Statoil-Azərbaycan" şirkəti olaraq, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa cəlb olunduqlarından məmnunluq hiss keçirdiyini qeyd edərək bildirmişdir ki, bu əməkdaşlıq çərçivəsində "Statoil-Azərbaycan" şirkəti Azərbaycanın neft və qaz sənayesinin inkişafına öz töhvəsini verəcək və bu sahədə Azərbaycanın insan resurlarının gücləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti