...

Azərbaycanda avtomobillərin dövlət nömrə nişanları üçün rüsumların məbləği artırılır

Cəmiyyət Materials 18 Dekabr 2012 14:58 (UTC +04:00)
Azərbaycanda avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının verilməsi üçün tələb olunan rüsumun məbləği artırılacaq.
Azərbaycanda avtomobillərin dövlət nömrə nişanları üçün rüsumların məbləği artırılır

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbirlər K.Zərbalıyeva, M.Əliyev/

Azərbaycanda avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının verilməsi üçün tələb olunan rüsumun məbləği artırılacaq.

Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihədə qeyd olunur ki, rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyat nişanlarının verilməsinə görə tələb olunan dövlət rüsumunun məbləği 18 manatdan 22 manata qaldırılır.

Həmçinin, rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə rüsumun məbləği 22 manat müəyyənləşdirilir.

Qeyd edək ki, rəqəm və ya hərflərin kombinasiyası üzrə rüsumlar aşağıdakı kimidir.

Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası

Dövlət rüsumunun məbləği

Seriyası müxtəlif hərflərdən ibarət olduqda

Seriyası eyni hərflərdən ibarət olduqda

001, 002, 003, 004, 005, 006, 007, 008, 009

1500

2500

100, 200, 300, 400, 500, 600, 700, 800, 900

1000

1500

111, 222, 333, 444, 555, 666, 777, 888, 999

500

1000

Motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə 11 manat məbləğində rüsumun ödənilməsi təklif olunur.

Həmçinin, layihədə avtonəqliyyat vasitələrinə qeydiyyat şəhadətnamələri üçün nəzərdə tutulan rüsumların məbləğinin artırılması nəzərdə tutulub.

Belə ki, avto-moto nəqliyyat vasitələri üçün rüsum 15 manatdan 17 manata qaldırılır.

Traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün isə 5 manat rüsum təklif olunur.

Həmçinin, yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi üçün tələb olunan rüsumun məbləği 5 manatdan 10 manata qaldırılır.

Qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi ilə bağlı qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti