...

Azərbaycanda yeni "Elektron məktəblər" yaradılır

Cəmiyyət Materials 24 Dekabr 2012 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda "Elektron məktəb" layihəsinə 11 yeni təhsil müəssisəsi cəlb edilib.

Təhsil Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bununla bağlı təhsil naziri Misir Mərdanov əmr imzalayıb. "Elektron məktəb" layihəsinə yeni cəlb olunmuş təhsil müəssisələrində vahid informasiya mühitinin yaradılmasını nəzərdə tutan "Elektron məktəb" modelinin strukturu, iştirakçılarının, proqram-texniki təminatının və qarşılıqlı fəaliyyət mexanizmi müəyyən ediləcək.

"Elektron məktəb" sisteminə qoşulan yeni təhsil müəssisələri vahid informasiya mühitinin yaradılması və fəaliyyət göstərməsi üçün zəruri olan avadanlıqlar (noutbuk, proyektor, interaktiv lövhə və s.) və proqram təminatı ilə təchiz olunacaqlar.

Bakı, eləcə də digər şəhər və rayonlarda "Elektron məktəb" sisteminə qoşulan pilot məktəblərdə çalışan kadrların (pedaqoji, inzibati, texniki və s.) İKT sahəsində bilik və bacarıqlarının artırılması üçün tədbirlər görüləcək və kurslar təşkil olunacaq.

"Elektron məktəb" sisteminə qoşulan pilot məktəblərdə yüksəksürətli fiberoptik İnternet və İntranet bağlantıları təmin ediləcək.

Qeyd edək ki, ümumilikdə "Elektron məktəb" layihəsinə 39 təhsil müəssisəsi daxildir. Həmin məktəblər Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, İsmayıllı, Quba və Agdaş şəhərlərində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti