...

Azərbaycan ombudsmanı 20 Yanvar faciəsi ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

Cəmiyyət Materials 17 Yanvar 2013 18:11 (UTC +04:00)
Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) 1990-cı il 20 Yanvar faciəsinin 23-ci ildönümü ilə əlaqədar bəyanat verib.
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsi ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanat verib.

Ombudsman Aparatından cümə axşamı Trend-ə verilən məlumata görə, bəyanatda qeyd olunur ki, keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən həyata keçirilmiş xüsusi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralayıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib.

"Yenidənqurma" siyasəti həyata keçirən Sovet dövləti beynəlxalq hüquq normalarına zidd olaraq, Azərbaycana qarşı misli görünməmiş hərbi təcavüz etmiş, insanların ən ali hüququ olan yaşamaq hüququnu kütləvi şəkildə pozmuşdur. Bu imperiya həmin cinayətlə Ermənistanın azğınlaşmış siyasi qüvvələrinə dəstək vermiş, nəticədə Azərbaycana qarşı həyata keçirilən uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulmuş, soydaşlarımızın bir milyon nəfəri qaçqına və öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilmişdir", - bəyanatda deyilir.

Ombudsmanın bəyanatında bildirilir ki, kütləvi insan itkisi ilə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayətdir.

"Lakin bu qanlı cinayətə indiyədək beynəlxalq hüquqi qiymət verilməmiş, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmamışdır. Bir daha bəyan edirik ki, beynəlxalq və dövlətdaxili hüquqa əsasən bütün əlamətləri özündə əks etdirən, insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunmuş bu soyqırımı əvvəlcədən düşünülmüş, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə xalqımıza qarşı törədilmişdir. Ümid edirik ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əlehinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaqdır", - bəyanatda vurğulanır.

Bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti