...

Azərbaycanın Milli Atlasına daxil ediləcək xəritələrin 400-ü hazırdır

Cəmiyyət Materials 18 Yanvar 2013 12:58 (UTC +04:00)
Ölkə Prezidentinin 2011-ci ilin aprelində verdiyi sərəncamla tərtib ediləcək Azərbaycanın Milli Atlasına daxil ediləcək xəritələrin artıq 400-ü hazırlanıb.
Azərbaycanın Milli Atlasına daxil ediləcək xəritələrin 400-ü hazırdır

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Ölkə Prezidentinin 2011-ci ilin aprelində verdiyi sərəncamla tərtib ediləcək Azərbaycanın Milli Atlasına daxil ediləcək xəritələrin artıq 400-ü hazırlanıb. Trend-in məlumatına görə, bunu AMEA-nın Yer Elmləri Bölməsinin cümə günü keçirilən 2012-ci ilin yekunlarına həsr olunan iclasında bölmənin akademik katibi Arif İsmayılzadə deyib.

O qeyd edib ki, həmin xəritələr artıq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilib.

Ümumilikdə atlasa 1500-dən artıq xəritə daxil edilməlidir.

İsmayılzadə deyib ki, ötən il Coğrafiya İnstitutu tərəfindən Xarici İşlər Nazirliyinin müraciəti əsasında Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdəki coğrafi adların erməniləşdirilərək dəyişdirilməsi haqqında araşdırma aparılıb. Müəyyən edilib ki, Ermənitan tərəfindən Azərbaycan toponimləri saxtakarlıqla dəyişdirilib və müxtəlif üsullarla uydurma erməni adlarla əvəz edilib.

Ötən ilin yekunları barədə danışan AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə deyib ki, 2012-ci il ərzində Azərbaycanda 5214 yeraltı təkan qeydə alınıb. Onlardan 3380 yerli, yaxın və 1834-ü uzaq zəlzələlərdir. İl ərzində baş verən zəlzələlərdən 50-si hiss olunan olub. Onlardan 37-si respublikanın şimal-qərb hissəsində baş verib.

Azərbaycanda 2012-ci ildə 2011-ci illə müqayisədə ayrılan seysmik enerjinin miqdarı 100 dəfə artıb. Ötən il baş vermiş zəlzələlərin sayında 2011-ci illə müqayisədə 60 faiz artım müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti