...

Rəsmi açıqlama: "Binə"dəki aksiyaya görə 10 nəfər həbs edilib

Cəmiyyət Materials 21 Yanvar 2013 18:49 (UTC +04:00)
"Binə" Ticarət Mərkəzində keçirilən aksiya ilə bağlı cinayət işi üzrə 10 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rəsmi açıqlama: "Binə"dəki aksiyaya görə 10 nəfər həbs edilib

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/

"Binə" Ticarət Mərkəzində keçirilən aksiya ilə bağlı cinayət işi üzrə 10 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu barədə Trend-ə Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsindən daxil olan birgə məlumatda qeyd edilib.

Məlumata görə, qanunsuz aksiyada iştirak edənlərdən 30 şəxs barəsində inzibati tənbeh tətbiq edilib.

Hazırda cinayətin təşkilatçıları və digər iştirakçılarının müəyyən olunması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, yanvarın 19-da paytaxtın Qaradağ rayonu ərazisindəki "Binə" Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup şəxs mərkəzin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq razılaşdırılmamış aksiya keçirmiş, Bakı-Astara avtomagistralını bağlamaqla nəqliyyatın hərəkətini iflic etmişdi. Onların ictimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə xəbərdarlığa məhəl qoymayaraq polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmələri faktı üzrə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən hadisə yerinə, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının xidməti istifadələrində olan avtomaşınlara baxış keçirilib, çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib və təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Müəyyən edilib ki, hadisə nəticəsində saat 11:00-dan 11:45-dək avtomagistralda nəqliyyat vasitələrinin normal hərəkəti pozulub, Daxili İşlər Nazirliyinə məxsus 11 xidməti avtomobilə ziyan vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş 19 polis əməkdaşından 6-sı stasionar, 13-ü isə ambulator müalicədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti