...

Misir Mərdanov: Türkdilli ölkələrin ortaq təhsil telekanalının yaradılması gərəklidir

Cəmiyyət Materials 22 Yanvar 2013 19:39 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb.
Misir Mərdanov: Türkdilli ölkələrin ortaq təhsil telekanalının yaradılması gərəklidir

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Azərbaycanın təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə Mərdanov türkdilli ölkələrin əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən söz açıb. Nazir xalqlarımızın daha da yaxınlaşması üçün təhsil sahəsindəki əlaqələrin dərinləşdirilməsinin zəruriliyini nəzərə çatdırıb.

Akıncı bu quruma daxil olan ölkələrin bütün istiqamətlərdə, eləcə də təhsil sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan məsələlərdən bəhs edib. Qonaq hər bir millətin intellektual potensialının inkişafında təhsilin əhəmiyyətindən söz açıb və bu baxımdan təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu bildirib. Türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunması məsələsinə toxunan Xəlil Akıncı, həmçinin ortaq tarix və ədəbiyyat dərsliklərinin hazırlanması işinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Universitetlərarası əlaqələrin inkişafı barədə fikirlərini bildirən baş katib tədris proqramlarının uyğun hazırlanması, diplomların qarşılıqlı tanınması və ortaq təhsil telekanalının yaradılması məsələlərinin əhəmiyyətinə diqqət çəkib. Baş katib Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin müvafiq mütəxəssislərinin görüşünün keçirilməsinin nəzərdə tutulduğunu söyləyib, müvafiq təkliflərlə bağlı ortaq fikrə gəlməyin mümkünlüyünü qeyd edib.

Təhsil naziri Şura çərçivəsində əməkdaşlığımızın inkişafı üçün konkret müddəaların müəyyənləşdirilməsinin daha səmərəli nəticələr verəcəyinə əmin olduğunu bildirib. Nazir Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində sürətlə inkişaf etdiyini nəzərə çatdırıb.

Türkdilli ölkələrin universitetləri arasında əlaqələrin genişləndirilməsinin zəruriliyinə toxunan təhsil naziri birgə konfransların təşkilinin mümkünlüyünü söyləyib. Ali məktəblərin tədris proqramlarının uyğunluğu və diplomların tanınması məsələsinin əhəmiyyətini qeyd edən Mərdanov ilk növbədə müvafiq mütəxəssislər arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirib. O, həmçinin türkdilli ölkələrin ortaq təhsil telekanalının yaradılmasının gərəkli olduğunu vurğulayıb.

Daha sonra görüşdə türkdilli ölkələr arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsi işinin daha səmərəli təşkili ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti