...

Türkdilli ölkələr arasında gömrük sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib

Cəmiyyət Materials 23 Yanvar 2013 16:36 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Türkdilli ölkələr arasında gömrük sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İzzət/

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DGK sədri Aydın Əliyev türkdilli ölkələrin əməkdaşlığının, o cümlədən iqtisadi-ticari, gömrük sferasında əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini, bu əməkdaşlığın davamlı inkişafının zəruriliyini vurğulayıb. Ötən il Naxçıvanda keçirilən Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşünü də məmnunluqla xatırlayan komitə sədri bu görüşdə ticarətin və sərhəddən keçmənin sadələşdirilməsi üçün türkdilli dövlətlərin gömrük xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi, buraxılış məntəqələrinin infrastrukturunun təkmilləşdirilməsi, potensialının gücləndirilməsi, mal və nəqliyyat vasitələrinin, o cümlədən sərnişinlərin sərhəddən keçidinin sürətləndirilməsi, məlumat və qabaqcıl təcrübə mübadiləsi ilə narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı səylərin birləşdirilməsi və s. bu kimi müzakirə olunan məsələləri, əldə olunan razılaşmaları birgə əməkdaşlığın gələcək inkişafına yönələn mühüm addımlardan biri kimi dəyərləndirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı isə bu mötəbər quruma daxil olan ölkələrin bütün istiqamətlərdə, eləcə də gömrük sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan məsələlərdən danışıb. Türkdilli ölkələr arasında əlaqələrin inkişafında gömrük orqanlarının mühüm rolunu qeyd edən qonaq bu baxımdan müvafiq sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb, mal və nəqliyyat vasitələrinin sərhəddən keçidinin sürətləndirilməsi ilə bağlı birgə həyata keçirilən tədbirlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə öz növbəsində bildirib ki, bu gün Azərbaycanın əsas sərhəd qapılarında beynəlxalq standartlara tam cavab verən, müasir texniki-nəzarət vasitələri ilə təmin edilən gömrük keçid məntəqələri inşa edilərək istifadəyə verilib, beləliklə, bu məntəqələrdə yoxlama müddəti zamanı vaxt itkisi minimuma endirilib. Artıq ölkə sərhədlərində Azərbaycan tərəfdən bu kimi problemlərin yaşanmadığını qeyd edən komitə sədri gələcəkdə qarşı tərəflərin də bu cür halların aradan qaldırılması istiqamətində konkret tədbirlər həyata keçirəcəklərinə ümidvar olduğunu qeyd edib.

Görüşdə türkdilli ölkələr arasında gömrük sahəsində əlaqələrin genişləndirilməsi işinin daha səmərəli təşkili ilə bağlı bir sıra digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti