Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanla İspaniya Krallığı və Andorra Knyazlığı arasında qış turizmi sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu məsələlər mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin İspaniya Krallığı və Andorra Knyazlığına rəsmi səfəri çərçivəsində müzakirə ediləcək.
Yanvarın 25-dən başlayan səfər fevralın 2-də yekunlaşacaq.
Səfər zamanı Qarayev İspaniyanın Madrid şəhərində yanvarın 30-dan fevralın 2-dək təşkil olunacaq "FİTUR" Beynəlxalq Turizm Sərgisində, BMT-nin Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə keçiriləcək "Know-How" tədbirlərində iştirak edəcək.
Səfər çərçivəsində Qarayevin Andorranın turizm və ətraf mühit naziri Françesk Kamp Torres, İspaniyanın turizm üzrə dövlət katibi İzabel Barrego, Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İspaniyanın mədəniyyət üzrə dövlət katibi Xosé María Lassal Ruiz, o cümlədən digər rəsmilərlə görüşləri nəzərdə tutulub.