Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İzzət/
Azərbaycanda sürücülük vəsiqələrinin alınması məqsədilə verilən imtahanların qəbulu qaydaları təkmilləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
Əliyev bildirib ki, sürücülük vəsiqələrinin verilməsi ilə bağlı 11 regionda Baş Dövlət Yol Polisinin şöbələri fəaliyyət göstərir.
"Sürücülük vəsiqələrinin istər verilməsində, istərsə də dəyişdirilməsində hələ ki elə bir problem yoxdur. Amma cənab Prezidentin "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" sərəncamında da göstərilir ki, sürücülük vəsiqələrinin alınmasında şəffaflığın təmin olunması, eləcə də daha da təkmilləşdirilməsi məqsədilə dəyişikliklərin edilməsi ilə bağlı Azərbaycan Prezidenti Adminstrasiyasına 2 ay müddətində müvafiq təkliflər verilməsi barədə tapşırıq verilib. Bu qaydalarda dəyişiklik ediləndə ictimaiyyətə məlumat veriləcək. İmtahanların qəbulunda qaydaların təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul olunacaq", - Əliyev qeyd edib.
Azərbaycanda sürücülük vəsiqələrinin alınması üçün verilən imtahanların qəbulu qaydaları təkmilləşdiriləcək
Azərbaycanda sürücülük vəsiqələrinin alınması məqsədilə verilən imtahanların qəbulu qaydaları təkmilləşdiriləcək.
