Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda fevralın 25-də ali, orta ixtisas, ümumtəhsil, ilk peşə-ixtisas, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində ilk dərs saatı Xocalı soyqırımına həsr ediləcək.
Təhsil Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, təhsil naziri Misir Mərdanovun "Xocalı soyqırımının iyirmi birinci ildönümünün keçirilməsi barədə" verdiyi əmrə əsasən, bununla bağlı bütün təhsil müəssisələrinə tapşırıqlar verilib.
Əmrdə qeyd edilib ki, fevralın 20-25-də ali və orta ixtisas təhsil müəssisələrinin internet səhifələrinə Xocalı soyqırımını əks etdirən məlumatları daxil edilməlidir. Ümumtəhsil, ilk peşə-ixtisas, ali və orta ixtisas təhsili müəssisələrində Xocalı soyqırımına həsr olunmuş rəsm sərgiləri, bədii gecələr keçirilməli, tamaşalar hazırlanmalı, sənədli və bədii filmlərin nümayişini təşkil edilməlidir. Ümumtəhsil, ilk peşə-ixtisas, ali və orta ixtisas təhsili müəssisələrində Xocalı soyqırımına həsr olunmuş matəm mitinqləri, xatirə gecələri, həmçinin soyqırımın şahidi olan adamlarla görüşlər keçirilməlidir.