...

Azərbaycanda dövlət tibb müəssisələrinin rəhbərləri həkimləri işə özbaşına qəbul edə bilməyəcəklər

Cəmiyyət Materials 21 Fevral 2013 16:26 (UTC +04:00)
Bundan sonra dövlət tibb müəssisələrinin rəhbərləri həkimləri işə özbaşına qəbul edə bilməyəcəklər. Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
Azərbaycanda dövlət tibb müəssisələrinin rəhbərləri həkimləri işə özbaşına qəbul edə bilməyəcəklər

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bundan sonra dövlət tibb müəssisələrinin rəhbərləri həkimləri işə özbaşına qəbul edə bilməyəcəklər. Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

Onun sözlərinə görə, həkimlər yalnız Səhiyyə Nazirliyinin mərkəzləşdirilmiş şəkildə işə qəbulla bağlı müsabiqələrində iştirak edərək işə qəbul oluna bilərlər. Dövlət tibb müəssisələrinin rəhbərlərinin Səhiyyə Nazirliyinin işə qəbul üçün keçirdiyi müsabiqələrdə iştirak etməyən və uğur qazanmayan namizədlərin işə qəbul etməsi qanunsuz hal sayılacaq və etibarsız hesab ediləcək. Belə halları törədənlərə qarşı da ciddi tədbirlər görüləcək.

Qədirli bildirib ki, bu qaydalar yalnız sıravi həkimlərin işə qəbulu üçün nəzərdə tutulub. Ancaq bu qaydalar tibb müəssisələrinin rəhbərləri, onların müavinləri və tibb müəssisələrinin struktur bölmələrinin rəhbərlərinə şamil edilmir. Çünki onlar Səhiyyə Nazirliyi və ərazi üzrə baş səhiyyə şöbəsinin rəhbərləri tərəfindən bu vəzifələrə təyin edilirlər.

Nazirlik rəsmisinin sözlərinə görə, tibb işçilərinin mərkəzləşdirilmiş qaydada işə qəbulu prosesinə fevralın 18-dən başlanıb. Müsabiqənin belə formada keçirilməsi korrupsiyaya qarşı mübarizə tədbirlərindən biridir.

Qədirli bildirib ki, martın sonunda həkimlərin işə qəbulu üzrə ilk imtahan keçiriləcək. Müsabiqə bütün ölkə üzrə təşkil ediləcək. İmtahan iki mərhələli olacaq. Müsabiqənin ilk mərhələsində - test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər. Həmin sualların 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. Test imtahanı nazirlik tərəfindən keçiriləcək. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Bu mərhələ də Səhiyyə Nazirliyinin işə qəbulla bağlı yaradılan 7 nəfərlik komissiyası tərəfindən həyata keçiriləcək.

Qədirlinin sözlərinə görə, artıq ölkə üzrə dövlət tibb müəssisələrində 2000-ə qədər vakant yer müəyyənləşdirilib. İşə qəbul olmaq istəyən namizədlər nazirliyin saytında mərkəzləşdirilmiş şəkildə işə qəbulla bağlı yaradılmış xüsusi bölməyə daxil olaraq qaydalarla tanış ola, vakant yerlərə ərizə verə bilərlər.

Nazirlik rəsmisi bildirib ki, tibb müəssisələrində vaklant yerlər yarandıqca belə imtahanlar keçiriləcək. İmtahanda eyni balı toplamış namizədlərdən elmi dərəcəsi, stajı çox olanlara üstünlük veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti