...

Azərbaycanda uşaqların məcburi müayinədən keçməməsi ilə bağlı cərimələr tətbiq olunacaq

Cəmiyyət Materials 27 Fevral 2013 13:49 (UTC +04:00)
Azərbaycanda uşaqların məcburi müayinədən keçməməsi ilə bağlı cərimələr tətbiq olunacaq. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsinin müzakirəsi zamanı qaldırılıb.
Azərbaycanda uşaqların məcburi müayinədən keçməməsi ilə bağlı cərimələr tətbiq olunacaq

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda uşaqların məcburi müayinədən keçməməsi ilə bağlı cərimələr tətbiq olunacaq. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsinin müzakirəsi zamanı qaldırılıb.

Birinci oxunuşdan sonra qanun layihəsinə edilən dəyişikliklər barədə məlumat verən komitənin şöbə müdiri Adilə Namazova bildirib ki, qanunun təkmilləşdirilməsi istiqamətində verilən təkliflər insanların daha da ciddi formada maarifləndirilməsi, qanunu pozan tərəfin məsuliyyətə cəlb olunması və dispanserizasiyanın qeydiyyatının elektron formada aparılması ilə bağlıdır. O bildirib ki, qanunda nəzərdə tutulan müddəaların pozulmasına görə pasiyentin məhkəməyə müraciət etmək hüququ, eyni zamanda, qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslərin məsulliyyətə cəlb olunması öz əksini tapıb. Bu əlavələr qəbul edildikən sonra İnzibati Xətalar və Cinayət məcəllələrinə müvafiq dəyişikliklər olacaq.

Komitə sədri Hadı Rəcəbli iclasda bildirib ki, sənəd böyük maliyyə tutumu tələb etsə də, Azərbaycan dövlətinin maliyyə imkanları onun həyata keçirilməsinə şərait yaradır. Rəcəbli qanunun tədbiqi ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb və qeyd edib ki, valideynlər uşaqlarının gələcəyi ilə bağlı bu yoxlamaları həyata keçirməlidir.

Deputat Əhliman Əmiraslanov bildirib ki, əgər vaxtında uşaqların müayinəsi düzgün aparılarsa, o zaman bir çox xəstəlikləri vaxtında da aradan qaldırmaq olar. Bu, uşaqların sağlam böyüməsinə şərait yaradacaq.

Deputat Musa Quliyev isə dispanzerizasiya xidmətinin əhaliyə daha yaxınlaşdırılması üçün lazımi tibbi texnika ilə təchiz olunmuş səyyar tibbi maşınların ayrılmasını təklif edib. "Bu daha çox kənd yerlərində yaşayan uşaqların müayinələrinin aparılmasına şərait yaradacaq", - Quliyev deyib.

"Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsi Milli Məclisin ikinici oxunuşuna tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti