...

Azərbaycanda həkimlərin işə qəbulu üçün ilk imtahanın keçirilmə vaxtı məlum oldu

Cəmiyyət Materials 18 Mart 2013 15:39 (UTC +04:00)
Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün ilk imtahanın keçirilmə tarixi açıqlanıb.
Azərbaycanda həkimlərin işə qəbulu üçün ilk imtahanın keçirilmə vaxtı məlum oldu

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün ilk imtahanın keçirilmə tarixi açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bazar ertəsi Trend-ə bildirib ki, ilk imtahan martın 28-də Bakıda keçiriləcək. İmtahan iki mərhələli olacaq. Müsabiqənin ilk mərhələsində - test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər. Həmin sualların 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. Test imtahanı nazirlik tərəfindən keçiriləcək. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Bu mərhələ də Səhiyyə Nazirliyinin işə qəbulla bağlı yaradılan 7 nəfərlik komissiyası tərəfindən həyata keçiriləcək.

Qədirli bildirib ki, müraciət edənlərin sayı çox olduğu üçün ilk imtahandan bir qədər sonra ikinci imtahanın da keçirilməsi nəzərdə tutulur. Ümumilikdə isə vakansiyalar yarandıqca hər bir aydan bir imtahanların keçirilməsi planlaşdırılır. İmtahanların nəticələri qısa müddət ərzində açıqlanacaq.

Qədirli deyib ki, SN-in tabeliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən aparılır. Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu prosesinə fevralın 18-dən başlanıb. Müsabiqənin belə formada keçirilməsi korrupsiyaya qarşı mübarizə tədbirlərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti