Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyinin həkimlərin işə qəbulu üçün keçirdiyi ilk mərkəzləşdirilmiş imtahanda iştirak etmiş namizədlərin 60 faizi uğur qazanaraq növbətə mərhələyə buraxılıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli cümə axşamı Trend-ə bildirib ki, imtahanda iştirak etmiş 110 nəfər namizədin 66-sı uğur əldə edib. İmtahanda iştirak etmiş həkimlər 27 ixtisas üzrə 100 vakansiya uğrunda mübariz aparıblar.
Qədirli deyib ki, həkimlərin işə qəbulu üçün ikinci imtahan aprelin 2-də keçiriləcək. Aprelin 2-də imtahan keçirildikdən sonra II mərhələyə buraxılmış namizədlərə müsahibənin vaxtı barədə məlumat veriləcək.
Müsabiqə iki mərhələli keçirilir. Müsabiqənin ilk mərhələsində - test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab veriblər. Həmin sualların 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olub. Test imtahanı nazirlik tərəfindən keçiriləcək. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Bu mərhələ də Səhiyyə Nazirliyinin işə qəbulla bağlı yaradılan 7 nəfərlik komissiyası tərəfindən həyata keçiriləcək.