...

Sürücülük vəsiqəsi almaq istəyən gənclərə əlverişli fürsət yaradılıb (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2013 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend, müxbir İ.İzzət/

Bu gün "Avtosfera 2" layihəsinin açılış mərasimi keçirilib.

Trend Mətbuat Mərkəzində "İrəli" İctimai Birlyinin təşəbbüsü ilə keçirilən layihənin açılış mərasimində Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi, "Modern Marketing Group" və "Nurgun Motors" şirkəti tərəfindən dəstəklənir.

Açılış mərasimində çıxış edən "İrəli" İB-nin sədri Rauf Mərdiyev bildirib ki, layihənin əsas məqsədi cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək, vətəndaşların yol hərəkəti qaydaları ilə peşəkar mütəxəssislər vasitəsilə tanış olmasını təmin etmək, həmçinin sürücülük vəsiqəsini almaq istəyən şəxslərə dəstək göstərməkdir. Onun sözlərinə görə, bu məsələdə qadınların sürücülük biliklərinin əldə olunmasında qarşılaşdıqları çətinliklər xüsusi nəzərə alınıb.

"İrəli"nin Hüquq Mərkəzinin rəhbəri Leyla Yolçuyeva qeyd edib ki, bundan əvvəl keçirilmiş "Avtosfera 1" layihəsi çox uğurla nəticələnib. Ona görə də ikinci layihədə iştirak etmək üçün 500-dən çox müraciət daxil olub. Lakin layihədə onların arasından seçilmiş 100 nəfər gənc iştirak edəcək. İştirakçıların 60 faizini isə məhz xanımlar təşkil edəcək.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Namidan Piriyev bildirib ki, onlar bu layihənin uğurlu nəticələr verəcəyinə inanır və lazım olan bütün dəstəyi verməyə hazırdırlar.

Qeyd edək ki, 2 ay müddətində keçirilməsi nəzərdə tutulan layihənin icrasına aprelin 24-dən başlanacaq. Layihənin qaydalarına əsasən, iştirakçılar hər birində 25 nəfər olmaqla 4 qrupa ayrılacaq və hər bir iştirakçı həftədə iki dəfə olmaqla təlimlərə qatılacaq. Təlimlər nəzəri və təcrübi olmaqla iki hissədən ibarət olacaq. Daha sonra iştirakçılar Respublika Baş Dövlət Yol Polisi İdarəsində imtahan verəcəklər. Bütün bu mərhələlərdən uğurla keçənlər sonda sürücülük vəsiqəsi alacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti