Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/
Ədliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar təşkil edilən tədbirlər silsiləsi çərçivəsində talassemiyalı xəstələr üçün 3 günlük qanvermə aksiyası keçirilir.
Trend xəbər verir ki, mayın 1-dən start götürən qanvermə aksiyası Ədliyyə Nazirliyində və nazirliyin Tibb Baş İdarəsinin binasında keçirilir. Könüllülük əsasında keçirilən qanvermə aksiyasına Ədliyyə Nazirliyinin bütün qurumlarından olan əməkdaşlar qoşulub. Aksiya Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematalogiya və Transfuziologiya İnsitiutu ilə birgə təşkil edilib.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyevin Trend-ə verdiyi məlumata görə, artıq ənənəvi hal alan qanvermə aksiyası Ədliyyə Nazirliyində hər il keçirilir. Hazırda davam edən aksiyanın ilk günündə 82 nəfər qan verib. Sabah isə aksiya qan vermək istəyən məhkumların təşəbbüsü ilə Penitensiar xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində davam etdiriləcək.
Ümumilikdə, 3 gün ərzində qanvermə aksiyasında 300-350 nəfərin qan verəcəyi gözlənilir.
Yığılan qan Respublika Talassemiya Mərkəzinə təhvil veriləcək.
"Heydər Əliyev Fondunun qan xəstəlikləri olan şəxslərə müxtəlif tibbi yardımın göstərilməsi təşəbbüsü ilə çıxış etməsi və bu istiqamətdə geniş tədbirlər həyata keçirilməsində iştirak etmək üçün biz hər il Mərkəzi Qan Bankı ilə birgə aksiya həyata keçiririk. Bu ilki aksiya da ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub," - Tibb Baş İdarəsinin rəisi qeyd edib.