Azərbaycan, Bakı, 9 may /Trend, müxbir H. Vəliyev/
Azərbaycan Böyük Vətən Müharibəsində faşizm üzərində qələbəyə çox qiymətli töhfə verib. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev deyib.
Savelyev qeyd edib ki, keçmiş sovet məkanında yaşayan xalqlar indiyədək birdirlər və gələcəkdə də belə olacaq.
O bildirib ki, sovet xalqı müharibə illərində ağır itkilərə məruz qalıb və Azərbaycan nefti faşizm üzərində qələbəyə çox qiymətli töhfə verib.
Savelyevin sözlərinə görə, hazırda Bakı keçmiş sovet məkanındakı gözəl şəhərlərdən biridir və buraya gələndə vəhdəti hiss etmək mümkündür.
O, Rusiya-Azərbaycan parlamentlərarası qrupunun aktiv fəaliyyətini xüsusilə qeyd edib.
"Bu qrup fəal işləyir, mütəmadi qarşılıqlı görüşlər keçirilir, təcrübə mübadiləsi aparılır və biz inkişaf və inteqrasiya məsələləri üzrə gələcək addımları planlaşdırırıq, çünki qardaş xalqlarıq və bunu unutmaq olmaz", - Savelyev vurğulayıb.