Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/
"Elm haqqında" qanun layihəsində tam yeni müddəalar yer alacaq. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu layihədə təhsiliin, elmin bütün istiqamətləri əks olunmaqla yanaşı, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi də yer alıb. Qanun layihəsində motivasiya və elmə həvəsləndirmə əsas istiqamət kimi öz yerini tutub.
Haçıyevin fikrincə, elmlə məşğul olan gənclərə hərbi xidmətdən möhlət hüququ verilməlidir. Ancaq o, hərbi xidmətdən azad olunmanın tərəfdarı deyil.
"Hər bir azərbaycanlı kişisi vətən qarşısında öz borcunu verməlidir. Bu, mütləqdir. Burada söhbət möhlət hüququndan gedir. Yəni təhsilin fasiləsizliyini təmin etmək üçün möhlət hüququnun verilməsi əhaəmiyyətlidir".
Hacıyev bildirib ki, qanun layihəsinin mayın ikinci ongünlüyündə müzakirəyə çıxarılacağı gözlənilir.