...

Amerika Dövlətləri Təşkilatı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı ola bilər

Cəmiyyət Materials 15 May 2013 10:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İsabalayeva/

Amerika Dövlətləri Təşkilatı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı ola bilər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətin Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.

Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Amerika Dövlətləri Təşkilatının beynəlxalq əlaqələr üzrə direktoru Corc Sanin iştirak edəcək.

Amerika Dövlətləri Təşkilatının mədəniyyətlər arasında əməkdaşlığın və dialoqun genişlənməsində fəal iştirak etməsi, eləcə də Azərbaycan Respublikası və Amerika Dövlətləri Təşkilatı arasında münasibətlərin inkişafının təmin edilməsi məqsədi ilə forum çərçivəsində ikitərəfli müzakirələr aparılacaq.

Forumun proqramında "Dünyanın gələcəyini birgə necə qurmaq lazımdır?", "Qloballaşmanın Yeni Erası: Dəyişən dünyada mədəniyyətdə hibridləşmə", "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?", "Qlobal Vətəndaşlıq: Mədəniyyətlərarası fəaliyyətlərə doğru", "Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək", "Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər", "Müsəlman və Qərb dünyası arasında mədəniyyətlərarası dialoqun təşviq olunması", "XXI əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması", "Turizm insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi", "Mədəniyyətlərarası dialoq: Etiqat və Elm", "XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması", "Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolu", "Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu" sessiyaları keçiriləcək.

Forum çərçivəsində Azərbaycanın Şərqlə Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək. Konfrans çərçivəsində "Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?", "Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm" sessiyaları təşkil olunacaq.

Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamı ilə forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti