Azərbaycan, Bakı, 16 may /Trend müxbir İ.İzzət/
Bəzi ölkələrdə yol polisləri arasında qadınlara rast gəlmək adi hala çevrilib və onlar yol hərəkətinin tənzimlənməsində yaxından iştirak edirlər. Bəzi ölkələrdə bu təcrübə qadınların kişilərlə müqayisədə daha tələbkar və məsuliyyətli olması ilə izah edilir. Azərbaycanda yol patrul xidməti əməkdaşları arasında isə qadınlara rast gəlmək mümkün deyil.
Rəsmi mövqe necədir?
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin Trend-ə bildirdiyinə görə, Azərbaycanda mövcud qanunvericilik qadınların yol polisi kimi xidmət etmələrinə qadağa qoymur və yol patrul sistemində onlar da çalışa bilərlər.
"Müvafiq hazırlığı olan, avtomobil nəqliyyatına dair ixtisasa malik xanım müraciət edirsə, qəbulla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş tələbələrə cavab verərsə, əlbəttə ki, o qadın xidmətə götürülə bilər və həmin vəzifələrə vakant yerlər üzrə müsabiqə elan olunduqda xanımlar da iştirak edə bilərlər. Amma qadınlar bu sahə üzrə demək olar ki, müraciət etmirlər. Şəxsən mən belə bir hala rast gəlməmişəm", - DYP sözçüsü bildirib.
Şöbə rəisinin fikrincə, bunun bir sıra, o cümlədən milli mentalitetlə bağlı səbəbləri var.
"Əvvəla, biz heç özümüz rəva bilmərik ki, qadın gəlib yol patrul xidmətində işləsin. Çünki kənardan baxan da görür ki, o xidmətin çətinliyi çoxdur. Sabah cinayətkarla üz-üzə gəlmək var, havanın istisi, şaxtası var, küləyin, tozun qarşısında saatlarla durmaq var, gecə növbələri var. Bizdə sırf yol patrul xidməti sahəsində qadınlar olmasa da, yol polisinin ayrı-ayrı strukturlarında, maliyyə, hərəkətin təşkili sahələrində xidmət edən xanımlarımız var. Amma qadın yol patrul xidməti inspektoru yoxdur", - Əliyev qeyd edib.
Məsələnin psixoloji kökündə nə dayanır?
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun fikrincə, cəmiyyətin qınağı, ağır qəzalar, ictimai təhlükəsizlik problemləri, eləcə də növbəli iş rejimi azərbaycanlı qadınları yol polisi olmaqdan çəkindirsə də, qadınların nəinki yol polisində, ümumilikdə təhlükəsizlik sistemində iştirakı vacibdir.
"Azərbaycanda belə bir stereotip var ki, bu cür işləri yalnız kişilər görməlidirlər, çünki burada kişi gücü lazımdır. Əslində bu işdə gücdən əlavə, dəqiqlik və insanlarla ünsiyyət lazımdır. Məsələ burasındadır ki, qadınlar bəzən ailələrdə, ətrafda elə hadisələrlə rastlaşırlar ki, bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət etmirlər. Yəni onlarda inamsızlıq olur. Çünki bəzən xanım polisə müraciət etmək istəmir ki, orada hamısı kişilərdir. Bəzən, məsələn, qadın bilir ki, ərazidə hansısa hadisə baş verir, post partul xidmətinin əməkdaşı kişidir deyə, düşünür ki, məni pis başa düşəcək. Ancaq polis xanım olarsa, rahat yaxınlaşa bilər. Bununla da hansısa bir cinayətin qarşısı alına bilər. Əgər polis sistemində qadınlar olsa, bu, həm inamı formalaşdırar, həm də təhlükəsizlik baxımından müəyyən müsbət nəticələrə gətirib çıxarar", - Rüstəmov bildirib.
Qadınların yol patrul xidmətindəki vakant yerlər üçün elan edilən müsabiqələrə müraciət etməmələrinə gəlincə, psixoloq hesab edir ki, bu istiqamətdə müəyyən maarifləndirmə işləri aparılmalıdır: "Bu işin strukturunun nədən ibarət olacağı, cəmiyyətə hansı faydalar verə biləcəyi istiqamətində maarifləndmə tədbirləri görülərsə, bu məsələdə dəyişiklik əldə etmək olar. Əgər maarifləndirmə işləri aparılsa, insanların diqqəti bu sahəyə yönələ bilər. Təəssüflər olsun ki, maarifləndirmə aparılmır. İnanın ki, bu məsələdə azca maarifləndirmə işi aparılsa, vəziyyət kökündən dəyişəcək. Mən çox istərdim ki, bununla bağlı Polis Akademiyasında ayrıca qəbul elan edilsin".
Psixoloqun sözlərinə görə, bir sıra xarici ölkələrdə yol patrul xidmətində, eləcə də xüsusi xidmət orqanlarında kişilərlə yanaşı, xanımlar da çalışır və bu, öz müsbət nəticəsini verir.
"Keçmiş SSRİ-də xüsusi xidmət orqanlarında qadın-kişi proporsiyası 10-un 1-ə nisbətində idi. ABŞ-da 5-in 1-ə nisbətindədir. Bizdə isə qadınlar hüquq-mühafizə orqanlarında daha çox adminstrativ işlərdə çalışırlar. Əslində onlar əməliyyat və mühafizə işlərində də çalışa bilərlər. Çünki qadınlar daha dəqiqdirlər və müəyyən məqamlarda daha çevik və operativ qərarlar verə bilirlər. Ən azından onların intuisiyası kişilərinkindən daha güclüdür. Bu, əslində sistemdə bir balans yaradacaq və işin gedişinə pis yox, əksinə, yaxşı təsir göstərəcək. Axı heç bir yerdə yazılmayıb ki, bu işlə yalnız kişilər məşğul olmalıdırlar. Hətta bəzi ölkələrdə uzun illərdir qadınlar da hərbi xidmətə gedirlər. Ona görə də düşünürəm ki, Azərbaycanda təkcə yol polisi sistemində yox, təhlükəsizlik sistemində işləyən qadınların da sayı çoxalmalıdır. Bu, ümumi işin xeyrinə müsbət təsir göstərəcək", - psixoloq vurğulayıb.
Qeyd edək ki, hazırda daxili işlər orqanlarında çalışanların cəmi 3,5%-ni qadınlar təşkil edir. Onlar da əsasən idarədaxili inzibati işlərlə məşğul olurlar.