Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda nəzəri fizika məktəbinin yaradıcısı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasının professoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Abdulla Muxtarov ömrünün 95-ci ilində vəfat edib.
Trend AMEA-nın saytına istinadən bildirir ki, Abdulla Muxtarov 1918-ci il dekabrın 24-də anadan olub. 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə imtahansız qəbul olunub, 1944-cü ildə universiteti əla qiymətlərlə bitirib. 1946-cı ildə Moskva Dövlət Universitetinin aspiranturasına daxil olub, 1950-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Nəzəri fizika kafedrasında baş müəllim kimi fəaliyyətə başlayıb. Həmin ildən etibarən Azərbaycanda nəzəri fizika elminin bünövrəsi qoyulub. 1964-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, 1967-ci ildə professor elmi adını alıb. 1967-1988-ci illərdə Nəzəri fizika kafedrasına rəhbərlik edib.
A.Muxtarovun elmi-tədqiqat fəaliyyətində yüksək enerjili elektron və pozitron dəstələrinin toqquşması zamanı gedən proseslərdə bozonla əlaqədar effektlərin tədqiqi mühüm yer tutur.
Alimin aldığı elmi nəticələr 150-dən çox məqalə şəklində xarici və respublikanın nüfuzlu jurnallarında çap edilib.
Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, A.Muxtarov respublikamızda ali və orta təhsil sisteminin təkmilləşdirilməsi və inkişafında, elmi biliklərin geniş yayılmasında böyük rol oynayıb.
Fizika elminin inkişafında və yüksəkixtisaslı kadrların yetişdirilməsində xidmətlərinə görə A.Muxtarov Azərbaycan Respublikası Ali Sovetinin "Fəxri fərmanı"na, keçmiş SSRİ-nin "Şərəf nişanı" ordeninə, Azərbaycan Respublikası və keçmiş SSRİ-nin "Maarif əlaçısı" və "Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi" fəxri adlarına layiq görülüb.
Anadan olmasının 80 illiyi və elmi-pedaqoji fəaliyyətinin 55 illiyi ilə əlaqədar olaraq ümummilli lider H.Əliyevin fərmanı ilə A.İ.Muxtarov "Şöhrət" ordeninə layiq görülüb.