Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyinin (SN) tabeliyində olan səhiyyə müəssisələrinə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbuluna dair növbəti imtahanı iyunun sonunda keçiriləcək. Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, dövlət səhiyyə müəssisələrinə həkimlərin işə qəbulu məqsədi ilə mərkəzləşdirilmiş imtahanda iştirak etmək istəyən namizədlər üçün sənəd qəbuluna mayın 17-dən başlanılıb. Sənəd qəbulu 1 ay ərzində davam edəcək. Sənəd qəbulu dövlət səhiyyə müəssisələrindəki 2000-ə yaxın vakant yer üzrə aparılır. Vakant yerlər SN-nin rəsmi saytında yerləşdirilib. Sənəd qəbulu başa çatdıqdan sonra imtahanların dəqiq keçirilmə tarixləri müəyyən ediləcək.
Müsabiqə iki mərhələdə keçirilir. Müsabiqənin ilk mərhələsində - test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab veriblər. Həmin sualların 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olub. Test imtahanı nazirlik tərəfindən keçiriləcək. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Bu mərhələ də Səhiyyə Nazirliyinin işə qəbulla bağlı yaradılan 7 nəfərlik komissiyası tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, həkimlərin işə qəbulu məqsədi ilə ilk müsabiqə apreldə keçirilib. Həmin müsabiqənin müsahibə mərhələsinin nəticələrinə əsasən, 34 həkim işə qəbul edilib. Onların 10-u Bakıdakı, 24-ü isə rayonlardakı səhiyyə müəssisələrində vakant yerlərə işə qəbul olunublar.