...

Bakıda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Cəmiyyət Materials 22 May 2013 16:15 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, mayın 28-dən iyunun 2-dək Bakı şəhərində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Bakıda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, mayın 28-dən iyunun 2-dək Bakı şəhərində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Bu məqsədlə təhlükəsizliyin təmin edilməsi üçün mayın 27-dən tədbirlər tam başa çatanadək Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qonaqların qarşılanması və tədbirlərin keçiriləcəyi ərazilər üzrə küçə və prospektlər istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulmaqla istiqamət dəyişdiriləcək. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, paytaxtdakı bəzi mehmanxanalar, həmçinin Forumla bağlı mədəni tədbirlərin keçiriləcəyi digər məkanlar ətrafında ictimai asayişin və yüksək səviyyəli qonaqların yol hərəkətində təhlükəsizliyinin təmin edilməsi, onların rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə fiziki və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, yük avtomobillərinin paytaxt ərazisində hərəkətinə tədbirlər tam başa çatanadək məhdudiyyət qoyulur.

Əsədov qeyd edib ki, bu ərəfədə şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməməsi tövsiyə olunur: "Həmçinin, Qobustan, Qala qəsəbələri, eləcə də Atəşgah məbədi, Heydər Əliyev Mərkəzi, Dənizkənarı Milli Park və digər ərazilərdə tədbirlərin keçirilməsi nəzərdə tutulduğundan, bu istiqamətlər boyu tıxacların və yol-nəqliyyat hadisələrinin yaranmaması üçün avtomobillərin parklanmasının mümkünsüzlüyünü nəzərə alaraq ictimai nəqliyyat vasitələrindən istifadə edilməsi xahiş olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti