Təfərrüatlar əlavə edilib (İlk xəbər 11:10-da yayılıb)
Azərbaycan, Bakı, 24 may / Trend, müxbir M.Əliyev/
Azərbaycanda pasportlara elektron çiplərin yerləşdirilməsinə başlanması vaxtı dəyişdirildi.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunda nəzərdə tutan dəyişiklik müzakirə olunub.
Qanunda qeyd olunurdu ki, 2013-cü il iyunun 1-dən pasportda elektron daşıyıcı (çip) yerləşdirilməsi, elektron daşıyıcıya (çipə) pasport sahibinin imzası istisna olmaqla onun barəsində məlumatlar, pasport sahibinin üz təsviri və barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilməlidir. Müzakirəyə çıxarılacaq dəyişikliyə görə, bu tarix sentyabrın 1-nə keçirilir.
İclasda Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanuna dəyişikliyin edilməsi barədə müraciət daxili işlər orqanlarından ünvanlanıb. O qeyd edib ki, həmin qurumlar yeniliklərin tətbiqi üçün müəyyən texniki işlərin aparılmasına ehtiyac olduğunu və buna zaman lazım olduğunu bildiriblər:
"Sentyabrın 1-dən artıq yeniliklərin tətbiqinə başlanacaq və problem olmayacaq".
Milli Məclis qanuna dəyişikliyi qəbul edib.
Qeyd edək ki, yeni qanunda, həmçinin pasportların verilmə müddəti də göstərilib. Belə ki, pasportlar 1 yaşınadək uşaqlar üçün birillik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üçillik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beşillik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə onillik müddətə veriləcək.