Azərbaycan, Bakı, 30 may /Trend, müxbir S. Əliyev/
Mədəniyyətlərin yaxınlaşması sivilizasiyanı xilas edəcək əsas amildir. Trend-in məlumatına görə, bunu cümə axşamı İSESKO-nun baş katibi Əbdüləziz Osman Əl-Tüveycri "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.
Əl-Tüveycri deyib ki, onun üçün belə tədbirdə iştirak çox vacibdir. İSESKO-nun baş katibi forumda iştirak dəvətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və qeyd edib ki, onun müdrik siyasəti sayəsində Azərbaycan xalqı hazırda belə tədbirləri qəbul edir.
Əl-Tüveycri Azərbaycan xalqına belə müdrik rəhbərlik altında sülh və əminamanlıq arzulayıb: "Müasir dünyada əsas problemlər dialoq, qarşılıqlı etimad və digər amillərin mövcud olmaması səbəbindən yaranır. Dialoq, ilk növbədə intellektual elita arasında aparılmalıdır, çünki onun nümayəndələri gələcək nəsilləri formalaşdırırlar".
Əl-Tüveycrinin sözlərinə görə, mədəniyyətlərin yaxınlaşması keçmiş səhvlərə yol verməmək məqsədilə intellektual dialoq üçün şərait yaradır və dialoq ən müdrik seçimdir: "Bu, zorakılığın qarşısının alınması üsuludur".