...

Kürün sahilində çimərlik zonası yaradılacaq

Cəmiyyət Materials 31 May 2013 17:02 (UTC +04:00)
Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində çimərliyin salınması və müasir istirahət məkanlarının tikilməsi üçün Mədəniyyət və Turizm Nazirliyində layihə hazırlanır.
Kürün sahilində çimərlik zonası yaradılacaq

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İzzət/

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində çimərliyin salınması və müasir istirahət məkanlarının tikilməsi üçün Mədəniyyət və Turizm Nazirliyində layihə hazırlanır.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bu barədə məlumat verən Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kamil Vəliyev layihə reallaşacağı təqdirdə əraziyə böyük turist axınının olacağını bildirib.

Onun sözlərinə görə, Gəncə şəhəri və ətraf rayonların sakinləri isti yay günlərində sərinləmək üçün daha paytaxt Bakıya və yaxud Mingəçevir şəhərinə üz tutmaq məcburiyyətində qalmayacaqlar, çünki Kürün Samux rayonu sahilində təhlükəsiz və müasir standartlara cavab verən səviyyədə çimərliklərin salınması nəzərdə tutulur. Vəliyev bildirib ki, bununla yanaşı, ərazidə sıx meşə massivinin mövcud olması turizm baxımından bölgəni daha da maraqlı edir.

Mütəxəssis bunun üçün turizm sektoruna vəsait yatırmaq istəyən sahibkarları layihədə iştirak etməyə çağırıb: "Fikrimcə, Samux rayonuna turistləri cəlb etmək üçün rayondan keçən Kürün sol və sağ sahili, gözəl Tuqay meşələri bəs edər. Çayda süni çimərlik zonalarının yaradılması çox gözəl gəlir gətirər. Bunun üçün sahibkarlara müraciət edirik, gəlsinlər, ərazidə münbit şərait var. Nazirlik tərəfindən bütün lazımi şərait də yaradılıb".

Layihə çərçivəsində Kür sahilində və meşələrdə hotellərin, əyləncə mərkəzlərinin tikilməsi planlaşdırılır.

Şöbə müdirinin fikrincə, Kürün Samux rayonu ərazisindən keçən hissəsində çimərlik zonalarının yaradılmasının bir üstün cəhəti də var. Hər il mövsüm ərzində Kürün müəyyən olunmamış, eləcə də qadağan olunmuş hissələrində çimərək onlarla insan öz həyatı ilə vidalaşmalı olur.

Bu minvalla belə halların da qarşısı alına bilər: "Məlum olduğu kimi, qarşıdan isti günlərin gəlməsi insanların istirahət və çimmək məqsədilə yenə də Kürün sahilinə üz tutması ilə nəticələnəcək. İti axarı ilə seçilən çayda heç bir təhlükəsizlik tədbirlərinin görülmədiyi də aşkardır. Bu da insan həyatı üçün təhlükə deməkdir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti