...

Tovuzda və Ağstafada yağan dolu bölgənin təsərrüfatına xeyli ziyan vurub

Cəmiyyət Materials 4 İyun 2013 15:28 (UTC +04:00)
Tovuz və Ağstafada davam edən qeyri-sabit hava şəraiti infrastruktura xeyli ziyan vurub.
Tovuzda və Ağstafada yağan dolu bölgənin təsərrüfatına xeyli ziyan vurub

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Tovuz və Ağstafada davam edən qeyri-sabit hava şəraiti infrastruktura xeyli ziyan vurub.

Trend Türkel TV-yə istinadən xəbər verir ki, Tovuzda müşahidə olunan güclü külək və dolu rayona xeyli ziyan vurub. Qeyri-sabit hava şəraiti və yağan dolu Gəncədən sonra Tovuz rayonunda özünü göstərib. Saat 18:30-dan başlayan güclü dolu yarım saatadək davam edib.

Tovuz Rayon Fövqəladə Hallar Komissiyasının sədri Mahir Həsənov bildirib ki, indi dəymiş ziyanın miqdarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Təbii fəlakət daha çox Böyük Qışlaq kəndinə ziyan vurub. Kənddə evlərə, eletrik xətlərinə xeyli ziyan dəyib. Komissiya sədrinin sözlərinə görə, indiyədək Bakı-Qazax avtomobil yolunun Tovuz rayonundan keçən hissəsində yerləşən evlərə elektrik enerjisinin verilişi bərpa olunmayıb. Hazırda bu istiqamətində tədbirlər görülür.

Ağstafa rayonuna da güclü dolu yağıb. Nəticədə rayonun 10-a yaxın kəndinə ciddi ziyan dəyib. Rayonda ağacların aşması nəticəsində elektrik naqilləri sıradan çıxıb, bu isə əhalinin işıqsız qalmasına səbəb olub. Bundan əlavə, rayonun rabitə sistemində qismən fasilə yaranıb. Təxminən 30 dəqiqə müddətində yağan güclü dolu dağ kəndlərində kənd təsərrüfatına, xüsusilə də kartofçuluğa xeyli ziyan vurub. Hazırda dəymiş ziyanın aradan qaldırılması üçün işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti