...

Türkdilli dövlətlərin diaspor təşkilatlarının əməkdaşlığı müzakirə olunub

Cəmiyyət Materials 20 İyun 2013 15:11 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb.
Türkdilli dövlətlərin diaspor təşkilatlarının əməkdaşlığı müzakirə olunub

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İzzət/

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şuraya üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunda iştirak etmək üçün Bakıya gələn Xəlil Akıncı ilə görüşdə türkdilli dövlətlərin diaspor təşkilatlarının əməkdaşlığı və forumla bağlı məsələlər müzakirə olunub.

Nazim İbrahimov türkdilli ölkələrin diaspor təşkilatlarının birgə əməkdaşlığının zəruriliyindən danışıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun bu istiqamətdə çox vacib addım olduğunu vurğulayıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, Forum çərçivəsində diaspor rəhbərləri üçün gələcək fəaliyyət istiqamətləri müəyyən ediləcək və onların reallaşdırılması yolları müzakirə olunacaq.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı isə öz növbəsində, mötəbər tədbirin təşkilatçılığını öz üzərinə götürdüyü və bu işləri yüksək səviyyədə həyata keçirdiyi üçün Azərbaycan tərəfinə təşəkkür edib. Forumun önəmindən danışan X.Akıncı qeyd edib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan diasporlarının birgə fəaliyyəti, bir sıra problemlərin həllində ortaq mövqedən çıxış etməsi gələcəkdə çox səmərəli olacaq.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunda müzakirə ediləcək mövzular, qəbul ediləcək sənəd layihələri, çıxışlar və reqlament məsələləri haqqında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu iyunun 21-də Bakıda keçiriləcək. Foruma dünyanın 44 ölkəsindən 500-ə yaxın nümayəndə dəvət edilib. Onların əksəriyyəti Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləridir. Qonaqlar arasında Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və hökumət nümayəndələri, deputatlar və elm xadimləri də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti