...

Səhiyyə Nazirliyi özəl xidmətlər və dərmanların reklamı ilə bağlı yeni tələblərin icrasına başlayıb

Cəmiyyət Materials 24 İyun 2013 10:15 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi özəl tibb xidmətlərin və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına dair rəylərin verilməsi proseduruna başlayıb.
Səhiyyə Nazirliyi özəl xidmətlər və dərmanların reklamı ilə bağlı yeni tələblərin icrasına başlayıb

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi özəl tibbi xidmətlərin və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına dair rəylərin verilməsi proseduruna başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, artıq bundan sonra SN-nin rəyi olmadan özəl tibb müəssisələrinin öz xidmətlərini və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklam edilməsi qanunsuz hal sayılacaq.

Nazirlikdən bildirilib ki, Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş "Özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına rəy verilməsi qaydası"na əsasən, tibbi xidmətlərin və dərmanların reklamına rəy almaq istəyən şəxs SN-yə ərizə ilə müraciət etməlidir. Ərizəyə baxılarkən tibbi xidmətlərin və dərmanların reklamı bır sıra tələblərə cavab verməlidir. Bu tələblərə əsasən, reklam olunacaq xidmətlər lisenziya ilə müəyyən edilmiş fəaliyyət növlərinə uyğun olmalıdır. Reklam olunacaq xidmətləri göstərən tibb mütəxəssisləri qanunvericiliyə uyğun olaraq müvafiq ixtisasa malik olmalıdırlar. Dərman vasitəsi dövlət qeydiyyatına alınmış və həkim resepti olmadan buraxılan olmalıdır. Ərizəyə daxil olduğu gündən başlayaraq ən geci 30 gün müddətində rəy verilir. Zərurət yarandıqda həmin müddət əlavə 30 gün uzadıla bİlər. Qəbul olunmuş qərardan məhkəmə qaydasında və inzibati qaydada şikayət verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti