...

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Bakıda hərbi parad başa çatıb (ƏLAVƏ OLUNUB) (VİDEO) (FOTO)

Cəmiyyət Materials 26 İyun 2013 11:23 (UTC +04:00)
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Bakının Azadlıq Meydanında hərbi parad başa çatıb.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Bakıda hərbi parad başa çatıb (ƏLAVƏ OLUNUB) (VİDEO) (FOTO)

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İ.İzzət/

İyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə təntənəli hərbi parad keçirilmişdir.

Trend-in məlumatına görə, dövlət və hökumət rəsmiləri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, beynəlxalq təşkilatların əməkdaşları, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izləmişlər.

Meydana toplaşanlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi sürəkli alqışlarla qarşıladılar.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev əsgərləri salamladı.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycanın dövlət himnini ifa etdi.

Prezident İlham Əliyev hərbi paradda nitq söylədi.

Sonra dövlət bayrağını və qoşun növlərinin bayraqlarını gətirən hərbçilər tribunaya tərəf istiqamət götürdülər. Peşəkar ordusu olan xalqın müstəqilliyi də əbədidir. Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində Azərbaycanda da ordu quruculuğu ilə bağlı bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilib. Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmana uyğun olaraq artıq 15 ildir ki, 26 İyun Silahlı Qüvvələr Günü qeyd olunur. 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünü daha da artırır.

Təsadüfi deyil ki, bu gün Azərbaycanı dünya birliyində layiq olduğu yerə gətirən amillər sırasında Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Bu, həm də geosiyasi amil kimi ölkəmizin beynəlxalq aləmdə qlobal və regional yerini müəyyənləşdirir. Azərbaycan ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Azərbaycanın hərbi xərcləri artıq 3 milyard dollardan çoxdur. Hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlərin ildən-ilə artması dövlətin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Son illərdə ölkədə gedən ordu quruculuğu tədbirləri təsdiqləyir ki, müharibə başlayacağı təqdirdə Azərbaycanın qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər vardır.

Ali Baş Komandanın təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərləri və bu səfərlər çərçivəsində əsgərlərimizlə keçirdiyi görüşlər onları Vətəni qorumağa, işğal altındakı torpaqlarımız uğrunda hər zaman savaşa qalxmağa ruhlandırır. Güclü ordu potensialımız bizi əsas məqsədimizə, işğal edilən torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır.

Paradda Silahlı Qüvvələrin hərbi texnikası da nümayiş etdirildi. Məhz bu paradda ilk dəfə Azərbaycanda istehsal edilən hərbi texnikaların keçidi oldu. Azərbaycan milli müdafiə sənayesinin istehsalı olan texnikalar düşmənin hədəflərini istənilən şəraitdə məhv etmək iqtidarındadır. Bunu şərtləndirən ən mühüm amillərdən biri də 2005-ci ildə dövlətimizin başçısının Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətə başlamasıdır. Qısa vaxtda nazirliyin tabeliyinə verilən müəssisələrdə yenidənqurma işlərinə başlanması və son illərdə dövlətimizin başçısının iştirakı ilə nazirliyin 20-dən çox müəssisəsində yeni istehsal sahələrinin istifadəyə verilməsi bu gün ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsində mühüm rol oynayır. Bundan əvvəl 2008-ci və 2011-ci illərdə keçirilən möhtəşəm hərbi paradlar, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyinə həsr olunan budəfəki parad bir daha təsdiqləyir ki, Azərbaycan özünün hərbi üstünlüyünü real nəticəyə çevirmək mərhələsinə qədəm qoyub və Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Bu gün hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədədir, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşalonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülmüş, müdafiə sistemi təkmilləşdirilmiş, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılmışdır. Silahlı Qüvvələrin idarə edilməsi sisteminin kompleks şəkildə, bütün səviyyələrdə təkmilləşdirilməsi məqsədi ilə vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi üzrə işlər artan sürətlə davam etdirilir.
Hərbi Dəniz Qüvvələrinin gəmiləri də paradda yüksək səviyyədə iştirak etdi. Dənizdə fəxri keçid edən hərbi gəmilərimiz Xəzərin Azərbaycan sektorunda dövlətimizin iqtisadi və strateji maraqlarını qorumaqla yanaşı, yüksək döyüş hazırlığı da nümayiş etdirdilər.

Daha sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və vertolyotların uçuşu oldu. Əvvəlcə Mİ-17 hərbi vertolyotu Azərbaycan Respublikasının dövlət bayrağını paytaxt səmasında dalğalandırdı. Bunun ardınca milli şahinlərimiz Bakı səmasında təlim üçün nəzərdə tutulan L-39, bucaq uçuş tapşırığını yerinə yetirən modernləşdirilmiş MİQ-29, həmçinin Quru Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin bütün döyüş növlərində iştirak edən SU-25 təyyarələrini nümayiş etdirdilər.

Bu paradda ilk dəfə təqdim olunan Mİ-17 vertolyot qrupları Hərbi Hava Qüvvələrinin nümayişinə havadan dəstək verdi. Mİ-24 vertolyot qrupları da bucaq-uçuş tapşırığını yerinə yetirərək parada qoşuldular. Sonra Mİ-17 və KA-32 vertolyot qrupları Hərbi Hava Qüvvələrinin nümayişini romb düzülüşlü uçuş tapşırığı ilə davam etdirdilər. Paradda yeni istehsal olunan və ilk dəfə təqdim edilən Mİ-35M döyüş-hücum vertolyotları, MİQ-29 və SU-25 döyüş təyyarələri Bakı səmasında nümunəvi uçuş həyata keçirdilər. Bu hərbi güc nümayişi bir reallığı da ortaya qoyur ki, Silahlı Qüvvələrimiz ötən dövrdə döyüşə yüksək hazırlığı ilə yanaşı, mənəvi ruhun sarsılmazlığına da nail olmuşdur. Bununla da Azərbaycan Ordusunun artıq regionda bir fakt, reallıq olduğu öz təsdiqini tapmışdır.

Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunan hərbi parad milli şahinlərimizin böyük məharətlə idarə etdikləri SU-25 hücum təyyarələri ilə paytaxt səmasında üçrəngli bayrağımızın əks olunması ilə başa çatdı.
Bu paradda bütün qoşun növlərinin, birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 5 min nəfərədək şəxsi heyəti, 300-ə yaxın hərbi texnika və silah sistemləri, 100-dən çox döyüş təyyarə və vertolyotu, 40-a qədər gəmi iştirak etmişdir.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti