...

İranın bəzi şəhərlərində içməli suyun qrafiklə verilməsinə başlanılıb

Cəmiyyət Materials 2 İyul 2013 10:48 (UTC +04:00)
İranda bir neçə şəhərdə əhaliyə içməli suyun qrafiklə və kvotalar tətbiq etməklə verilməsinə başlanılıb.
İranın bəzi şəhərlərində içməli suyun qrafiklə verilməsinə başlanılıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir T.Cəfərov/

İranın bir neçə şəhərində əhaliyə içməli suyun qrafiklə və kvotalar tətbiq etməklə verilməsinə başlanılıb. Trend-in "MEHR" xəbər saytına istinadən verdiyi məlumata görə, bunu İranın Su və Kanalizasiya Təchizatı İdarəsinin istifadə və idarəetmə üzrə rəis müavini Həmidrza Təşiyi deyib.

Təşiyi əlavə edib ki, yay fəsli ilə əlaqədar Gilan əyalətinin Cirəndə, Hörmuzqan əyalətinin Ruydar və Sirik şəhərlərində və Kirman əyalətinin Covzəm şəhərində suyun qrafiklə verilməsinə başlanılıb.

Təşiyi bildirib ki, hazırda İranın bir çox şəhərlərində içməli su ilə bağlı problemlər yaşanır və belə davam edərsə və su sərfiyyatından düzgün istifadə olunmazsa, böyük şəhərlərdə, o cümlədən İsfahan, Bəndər Abbas və Yəzd şəhərlərində də suyun qrafiklə verilməsinə başlanılacaq.

Təşiyi əhalini sudan istifadə zamanı israfçılığa yol verməməyə çağırıb.

Qeyd edək ki, İran quraqlıq zonada yerləşir və ötən 40 il ərzində bu ölkədə müxtəlif dövrlərdə quraqlıq olub. 1992-2002-ci ildə baş verən quraqlıq bu ölkənin əkinçilik sahəsinə böyük ziyan vurub və bəzi şəhərlərdə, o cümlədən paytaxt Tehranda içməli suya kvotalar tətbiq olunub.

Sonuncu dəfə İranda 2008-ci ilin yay aylarından yeni quraqlıq dövrü başlayıb. Həmin vaxt bu ölkənin bəzi şəhər və kəndlərində içməli suya kvotalar tətbiq olunub.

İranda quraqlıq dövrü adətən 5-7 il arası olur. 2008-ci ildə başlayan quraqlığın bir neçə il davam edəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti