...

İsfahanda içməli su problemi böhran vəziyyətindədir

Cəmiyyət Materials 9 İyul 2013 10:10 (UTC +04:00)
İranın ən böyük şəhərlərindən biri olan İsfahan əyalətində içməli suya norma tətbiq olunub və gün ərzində əhali tətbiq olunacaq normalara uygun olaraq içməli su ilə təmin olunur.
İsfahanda içməli su problemi böhran vəziyyətindədir

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir T.Cəfərov/

İranın ən böyük şəhərlərindən biri olan İsfahan əyalətində içməli suya norma tətbiq olunub və gün ərzində əhali tətbiq olunacaq normalara uygun olaraq içməli su ilə təmin olunur.

Trend-in İLNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsfahan əyalətinin Su və Kanalizasiya Təchizatı İdarəsinin sədr müavini Müctəba Qubadian deyib.

Qubadian əlavə edib ki, hazırda anbarlarda mövcud olan içməli su ehtiyatımız 30 faiz azalıb: "İsfahanda içməli su problemi böhran vəziyyətindədir və belə davam edərsə yayın sonunadək içməli su qıtlığı yarana bilər".

Qeyd edək ki, iyulun əvvəlində də İranın Su və Kanalizasiya Təchizatı İdarəsinin istifadə və idarəetmə üzrə rəis müavini Həmidrza Təşiyi İranın bir neçə şəhərində əhaliyə içməli suyun qrafiklə və normalar tətbiq etməklə verilməsinə başlandığını demişdi.

Təşiyi bildirmişdi ki, yay fəsli ilə əlaqədar Gilan, Hörmuzqan və Kirman əyalətlərinin bəzi şəhərlərində suyun qrafiklə verilməsinə başlanılıb.

O demişdi ki, hazırda İranın bir çox şəhərlərində içməli su ilə bağlı problemlər yaşanır və belə davam edərsə, həmçinin su sərfiyyatından düzgün istifadə olunmazsa, böyük şəhərlərdə, o cümlədən İsfahan, Bəndər Abbas və Yəzd şəhərlərində də suyun qrafiklə verilməsinə başlanılacaq.

Qeyd edək ki, İran quraqlıq zonada yerləşir və ötən 40 il ərzində bu ölkədə müxtəlif dövrlərdə quraqlıq olub. 1992-2002-ci ildə baş verən quraqlıq bu ölkənin əkinçilik sahəsinə böyük ziyan vurub və bəzi şəhərlərdə, o cümlədən paytaxt Tehranda içməli suya kvotalar tətbiq olunub.

Sonuncu dəfə İranda 2008-ci ilin yay aylarından yeni quraqlıq dövrü başlayıb. Həmin vaxt bu ölkənin bəzi şəhər və kəndlərində içməli suya kvotalar tətbiq olunub.

İranda quraqlıq dövrü adətən 5-7 il arası olur. 2008-ci ildə başlayan quraqlığın bir neçə il davam edəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti