Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir M.Əliyev/
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi "XƏTDƏ" Sosial Şəbəkə Akademiyasının hesabat konfransı keçirilib.
Trend-in məlumatına görə, ARGTMŞ sədri Şahin Seyidzadə tədbirdə bildirib ki, layihə nəticəsində Azərbaycanda "Facebook", "Twitter", "Youtube" və "Bloq" mövzuları üzrə 4 nəfərdən ibarət olan ekspert komandası formalaşıb, sosial şəbəkələrlə bağlı Azərbaycan dilində təlim-tədris modulu yaradılıb, 16 "multiplayer" təlimləndirir. O, qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq Azərbaycan dilində "Facebook" və "Twitter" sosial şəbəkələrindən istifadə üzrə 8 video-təlim çarxı yaradılıb və 1000-dən çox gənc sosial şəbəkələrdən düzgün istifadə qaydalarını öyrənib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxışında bildirib ki, bu gün gənclərin həyatı üçün "Facebook", "Twitter" terminləri ayrılmaz hal daşıyır. Onun sözlərinə görə, son dövrlər Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və bunun da məntiqi nəticəsi kimi 2013-cü il ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunub.
Nazir müavini deyib ki, gənclər sosial şəbəkədən daha çox bir-biri ilə ünsiyyət üçün istifadə edirlər: "Bununla yanaşı, gənclər Azərbaycanın uğurlarını, tarixini, mədəni irsini təbliğ etməyi də qarşısına məqsəd qoymalıdırlar. Bundan başqa, sosial şəbəkələrdə biliklərin artırılması ilə bağlı gözəl imkanlar yaradılır, bunlardan istifadə edərək bilik və bacarıqların artırılması vacibdir".
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə çıxışında bildirib ki, Azərbaycanda insanların rifah halı artdıqca yeni imkanlar ortalığa çıxır. Hazırda ölkədə gənclərin sosial şəbəkələrdən istifadəsi ilə bağlı layihələr həyata keçirilir.
Millət vəkili həmçinin təəssüflə vurğulayıb ki, bundan sui-istifadə edənlər də olur və bəzi siyasi partiyalar gəncləri yanlış yola çəkirlər. O, bir daha gəncləri diqqətli olmağa çağırıb.