...

Azərbaycanda kolleclərə qəbul qaydaları açıqlanıb

Cəmiyyət Materials 29 İyul 2013 15:34 (UTC +04:00)
Azərbaycanda kolleclərə (11 illik təhsil bazasında) qəbula dair jurnal nəşr olunub.
Azərbaycanda kolleclərə qəbul qaydaları açıqlanıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycanda kolleclərə (11 illik təhsil bazasında) qəbula dair jurnal nəşr olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, kolleclərə qəbul həm 9 illik təhsil bazasından, həm də 11 illik təhsil bazasından aparılır. 11 illik təhsil bazası üzrə kolleclərə ayrıca imtahan keçirilmir və qəbul yalnız ali məktəblərə keçirilmiş imtahanda toplanmış ballar əsasında müsabiqə yolu ilə həyata keçirilir. Artıq 11 illik təhsil bazası üzrə qəbul qaydaları, qəbul elanı, qəbul aparılan ixtisasların siyahısı və digər zəruri məlumatlar qeyd olunan jurnalda təqim olunub.

Jurnalda qeyd edilir ki, Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır. Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür. I qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinə tələbə qəbulunun I, II, III və ya IV qrupu üzrə imtahanda iştirak edən və ümumi balı 100-dən az olmayan abituriyentlər, II qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinə tələbə qəbulunun I və ya IV qrupu üzrə imtahanda iştirak edən və ümumi balı 100-dən az olmayan abituriyentlər, III qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinə tələbə qəbulunun III qrupu üzrə imtahanda iştirak edən və ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının seçimi avqustun 18-dən avqustun 22-dək internet vasitəsilə aparılır. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı müvafiq qruplar daxilində digər ixtisasları da seçmək imkanı verilir.

Ali təhsil müəssisələrinin "Təsviri sənət", "Dekorativ-tətbiqi sənət və dizayn", "Heykəltəraşlıq" "Memarlıq", "Dizayn" komissiyalarında qabiliyyət imtahanından topladığı yekun balı 3 və daha yüksək olan, "Təsviri incəsənət müəllimliyi", "Bədən tərbiyəsi və idman", "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı" komissiyalarında isə "məqbul" alan abituriyentlər orta ixtisas təhsili müəssisələrinin müvafiq ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər.

Hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 5 günədək müddətdə qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməklə təhsilalma formasını seçib qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti