...

Gəncə Dövlət Universitetinin rektoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olundu

Cəmiyyət Materials 30 İyul 2013 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend/

İyulun 29-da təhsil naziri Mikayıl Cabbarov Gəncə Dövlət Universitetində Gəncə, Naftalan şəhərlərində və Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil şöbələri müdirlərinin, nazirliyin digər tabeli qurumları rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər, əsasən, yaşadıqları rayonlarda ümumtəhsil məktəblərində işlə təmin olunma, bir təhsil müəssisəsindən digərinə köçürülmə, məktəb binalarının təmiri, təhsil haqqından azad olunma, xaricdə təhsil, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil və digər məsələlərlə əlaqədar olub. Həmçinin, yerli təhsili idarəetmə orqanları rəhbərlərinin fəaliyyəti barədə vətəndaşların şikayətləri ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

Qəbulda 149 vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

Həmin gün Gəncə Dövlət Universitetində yerli təhsil orqanlarının rəhbərlərinin iştirakı ilə regional müşavirə keçirilib. Tədbirdə Gəncə və Naftalan şəhərlərinin, Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarının təhsil şöbələrinin müdirləri iştirak ediblər. Müşavirədə bölgənin təhsillə bağlı problemləri müzakirə edilib, nazirliyin müvafiq qurumlarının və yerli təhsil orqanlarının rəhbərlərinə tapşırıqlar verilib.

Gəncə Dövlət Universitetində imtahan sessiyasının gedişində yol verilmiş neqativ halların qarşısının alınması üçün vaxtında tədbirlər görmədiyinə görə nazir tərəfindən universitetin rektoru Yadigar Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub.

Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüş keçirilib. Görüşdə təhsil müəssisələrinin təmiri və maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti