Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İ.İzzət/
"Nabran Holiday Vilage"də baş vermiş hadisə ilə bağlı dərhal rayon prokurorluğunda cinayət işi başlanıb. Trend xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov bildirib.
Rüstəm Usubov bildirib ki, bu işə çoxlu mütəxəssislər, ekspertlər cəlb olunub: "Şübhəli bilinən 3 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir. Baş verən faciə ilə bağlı istintaqa çoxlu mütəxəssis dəvət olunub, ekspertizalar təyin edilib".
Xatırladaq ki, iyulun 21-də "Nabran Holiday Village" istirahət mərkəzində İmran Cəfərzadənin xəsarət alması faktı ilə bağlı 3 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat xidmətindən öncə Trend-ə bildiriblər ki, bu faktla bağlı "CTF" firmasının və "Nabran Holiday Village" istirahət mərkəzinin direktoru Rəşad Zərbəliyev, istirahət mərkəzinin icarəçisi Firdovsi İsmayılov və istirahət mərkəzində hovuz xidmətçisi vəzifəsində işləyən Aslan Hacıməmmədkərimov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Xaçmaz rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.