...

Azərbaycan alimi mürəkkəb quş xəstəliyinin müalicəsini öyrənəcək

Cəmiyyət Materials 6 Avqust 2013 12:38 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu ilk dəfə olaraq koksidiofaunanı müasir molekulyar metodlarla öyrənəcək.
Azərbaycan alimi mürəkkəb quş xəstəliyinin müalicəsini öyrənəcək

Azərbaycan, Bakı, 6 avqust / Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu ilk dəfə olaraq koksidiofaunanı müasir molekulyar metodlarla öyrənəcək.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Zoologiya İnstitutundan bildirilib.

Qeyd edək ki, koksidioz ev və çöl quşlarına yem vasitəsilə gəmiricilərdən keçən mürəkkəb xəstəlikdir. Xəstələnmiş quşlar ağır hərəkət edir, çəkiləri artmır və məhv olurlar.

Bu məqsədlə institutun "Protistologiya" laboratoriyasının gənc doktorantı Türkan Qurbanova sözügedən metodların Azərbaycanda tətbiqi istiqamətində tədqiqatlar aparır.

Tədqiqatlar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan qrant mükafatı almış "Birhüceyrəli ibtidai parazitlər olan koksidilərin növ tərkibinin müasir molekulyar metodlarla (DNT amplifikasiyası, PZR, DNT sekvinasiyası) təyin edilməsinin öyrənilməsi" adlı layihə çərçivəsində həyata keçirilir. Layihənin rəhbəri olan Qurbanova bildirib ki, bu istiqamətdə aparılacaq tədqiqatlar Azərbaycan koksidiofaunasının və koksidilərin ayrı-ayrı növlərinin öyrənilib dəqiqləşdirilməsi üçün çox önəmlidir.

Gənc alim 5900 manat dəyərində olan layihənin qarşıya qoyduğu məqsədi reallaşdırmaq üçün Çexiya Respublikası Elmlər Akademiyasının Parazitologiya İnstitutunda noyabrın 5-dən 30-dək təcrübə keçəcək. Bu müddətdə Çexiya mütəxəssisləri gənc alimə koksidilərin növlərinin öyrənilməsi istiqamətində dərs deyəcəklər. O, təcrübədən əldə olunacaq müasir bilikləri Azərbaycanda bu sahədə çalışan mütəxəssislərlə paylaşacaq. Layihənin nəticəsi olaraq, DNT amplifikasiyası, PZR, DNT sekvinasiyası kimi müasir metodlar öyrəniləcək. Bu, respublika faunasının tədqiqi üçün əhəmiyyətli nəticələr verə, parazitologiya sahəsində tədqiqatların yeni müstəvidə aparılmasına imkan yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti